Azərbaycan Çin münasibətləri davamlı inkişafı yönəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb. Prezident İlham Əliyev müxbirin sualına cavab verərkən Azərbaycanın çinlə əlaqələrinin güclənməsini Ulu Öndər Heydər Əliyevin xidmətləri ilə bağlı olduğunu qeyd etmişdir. Cənab Prezident demişdir :
– Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.
Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi.
Prezident İlham Əliyev müxbirin suallarına cavab verərkən qeyd etmişdir ki, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür.
Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir. Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək.
Vəfa Heydərova-Nəsimi rayon təhsil işçisi