Azərbaycan dəfələrlə Ermənistana sülh müqaviləsinin ən uyğun şərtlərini də təklif edib

“Ermənistan tərəfi tez-tez Azərbaycana qarşı müxtəlif səviyyələrdə həqiqətə uyğun olmayan iddialar qaldırır, açıqlamalar verirlər. Sonra isə dediklərini ya özləri təkzib edir, ya da şəraitə uyğun olaraq başqa istiqamətə yönləndirirlər. Bu onu göstərir ki, Ermənistanın özündə müəyyən olunmuş siyasi strategiya yoxdur, edilən xarici təsirlər nəticəsində mövqelərini tez-tez dəyişirlər”.

Bu sözləri açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, Ermənistan spikeri Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlı yalan-yanlış fikirlər səsləndirib: “Lakin bu fikirlərin heç bir əsası yoxdur. Əgər Azərbaycanın belə bir iddiası olsaydı, 44 günlük müharibə zamanı bu məsələni çox rahat şəkildə həll edə bilərdi. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, indiki Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaranmasına baxmayaraq, Azərbaycan beynəlxalq hüquq normalarına hörmət edir və BMT çərçivəsində də bütün qonşularının ərazi bütövlüyünü tanıyır, o cümlədən də, Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur.

Ermənistan tərəfinin söylədikləri yalnız onların Qərbdən havadarları və diasporun arzu və düşüncələrini ifadə etmək, sülh müqaviləsi imzalamaqdan yayınmaq və ya bu müddəti uzatmaq məqsədi daşıyır. Buna görə də dəfələrlə Azərbaycan Prezidenti tərəfindən bəyan olunub ki, Ermənistanla digər qonşularımız kimi dinc yaşamaq, əməkdaşlıq etmək və qonşuluq münasibətlərini bərpa etməyə hazırıq. Azərbaycan dəfələrlə Ermənistana sülh müqaviləsinin ən uyğun şərtlərini də təklif edib. Amma Ermənistan tərəfindən cavablar ləngidilir.

Əgər Ermənistan spikeri Azərbaycanın hər hansı ərazi iddiasında olduğunu düşünürsə, o zaman bununla bağlı ortaya sənəd qoysun ki, həqiqətən belə bir iddia irəli sürülüb. Buna görə də onların səsləndirdiyi fikirlər və atdığı addımlar vaxt uzatmaqdan başqa bir şey deyil”.