Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət və izzət aşılayır

6

 

Azərbaycanda ən çox ruslar yaşayır və rus icması bu regionun ən böyük icması hesab olunur. Azərbaycanın tolerant ölkə kimi multikulturalist ənənələrə malik cəmiyyəti var. Bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti etnik azlıqları və bunların sırasında yaşayan ruslar, ukraynalılar, belarusları, milli azlıqların digər nümayəndələrini bütün maddi-mənəvi dəyərlər, qanunlar qarşısında bərabər elan edib: “Eyni zamanda, Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət və izzət aşılayır, onlara xoş münasibəti təlqin və təbliğ edir. Məhz bu, Azərbaycan dövlətini digər dövlətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda yaşayan milli, dini azlıqlar, o cümlədən ruslar bizim milli varlığımızdır, milli sərvətimizdir”.

PA rəsmisi deyib ki, bu gün də Azərbaycan dövlətinin yeritdiyi sosial siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq hər bir vətəndaş dövlət qarşısında, qanunlar qarşısında özlərini bərabər hiss etsinlər: “Ayrı-ayrı postsovet məkanında yaşayan azərbaycanlılara eyni xoş münasibətlərlə, nədənsə, rastlaşılmır. Bəzən orada azərbaycanlıların milli vətəndaş hüquqları kobud şəkildə pozulur. Bəzən postsovet ölkələrində dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibəti təlqin və təbliğ edirlər. Bax bu anlamda Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən xüsusi fərqlənir”. (Trend)