Azərbaycan dövləti pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir

Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında yüksək səviyyəli qonaq qismində çıxış etməsi dövlətimizin başçısının dünya masştablı lider olduğunun növbəti təzahürüdür. Prezident İlham Əliyev pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanlarının səfərbər olunmasından tutmuş, Azərbaycanın pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkə olması kimi bir çox önəmli məqamlara diqqət çəkdi.
Prezident İlham Əliyev sessiyada Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək, 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan olunmasını təqdir edib. Qeyd etmək lazımdır ki, uzun müddətdir dünyanı cənginə alan bu dəhşətli virusla qarşılaşan ilk vaxtlardan etibarən Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Ölkəmizdə artıq 2 milyon doza peyvənd istifadə olunub ki, bu da əhalinin 20 faizini təşkil edir. Pandemiyanın qarşısının alınması istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilmiş, bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik və əlavələr qəbul olunub. Görülən işlərin nəticəsində bu gün artıq yoluxma sayı təkrəqəmli ədədlə ifadə olunur. Ona görə də karantin rejiminin tədricən yumşaldılması üçün münasib şərait yaranmışdır. Sakinlər artıq açıq havada maska taxmamaq, müvafiq tələblərə uyğun olaraq metro və şəhərlərarası nəqliyyatdan istifadə etmək imkanı qazanıblar. Həmçinin, Prezident İlham Əliyev çıxışında Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq mühitinin formalaşdığını vurğulayaraq bu qurumun fəaliyyətini dəstəkləmək məqsədi ilə ölkəmizin 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etdiyi və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərildiyi barədə sessiya iştirakçılarını məlumatlandırıb. Məhz bunun nəticəsidir ki, ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Eyni zamanda, ölkəmizdə qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.
Eləcə də, Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Dövlətimizin başçısının çıxışında ən önəmli məqamlardan biri də Azərbaycanın dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunması məsələsində yüksək həssaslıq göstərməsi idi. Belə ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik təbii ki, digər dövlətlər tərəfindən haqlı bir narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu statistika onu deməyə əsas verir ki, dünyada bəzi ölkələrə qarşı açıq-aşkar ikili standartlar tətbiq olunur və bu ikili standartların əsasında “peyvənd millətçiliyi” dayanır. Dünyanın zəngin ölkələrinin insan həyatı üzərindən siyasət yürüdüb, gəlir əldə etməyə çalışmaları təəssüf doğurur. Eyni zamanda, Azərbaycan dövləti pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Belə ki, hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bununla bərabər, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu xüsusda, Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən çox dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ölkəmizin beynəlxalq təşəbbüslərinin önəmini göstərir. Şübhəsiz ki, pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən Azərbaycan hər zaman olduğu kimi pandemiyaya qarşı mübarizədə də beynəlxalq məsuliyyətini dərk edən, humanist ölkə mövqeyindən çıxış edib. Əminliklə deyə bilərik ki, ölkəmiz koronavirusla mübarizədə nümunəvi addımları ilə diqqət çəkməyi bacardı.
Beləliklə, göründüyü kimi pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüşdür. Azərbaycan Prezidentinin rəhbərliyi ilə çevik sosial-iqtisadi siyasətin həyata keçirilməsi sayəsində ölkə səhiyyəsi də dayanıqlılığını qoruyub saxlayıb.

İmran Babayev
YAP Səbail rayon “Botanik” (AMEA-nın Botanika İnstitutu) ərazi ilk partiya təşkilatının sədri