Polislər məni təhqir etdi ona görə intihar etmək istədim

Birinci qrup əlilliyi olan Məhəmməd Hacıyev Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini İlqar Süleymanovdan və Malik Orucovdan şikayətçidir.

XALQ.AZ xəbər verir ki, Məhəmməd Hacıyev adlarını çəkdiyi şəxslərin sifarişiylə Beynəlxalq Avtovağzalda döyüldüyünü iddia edir:

“Açıq şəkildə başımı kəsəcəkləri ilə qorxudurdular. Bu gün isə meyvə-tərəvəz satdığım yerdə icra hakimiyyəti polisləri əraziyə göndərərək məni növbəti dəfə təhqir etdirdi. Məhsullarımı vəhşicəsinə dağıtdıqlarını görəndən sonra dözmədim və özümü yandırdım”.

Məhəmməd Hacıyev hazırda xəstəxanadadır, ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Şikayətçi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Onlardan İlqar Süleymanovun və Malik Orucovun cəzalandırmalarını xahiş edib.

M.Hacıyevin özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Həmin açıqlamada bildirilir ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib:

“Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb. Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”.