“Azərbaycan dövlətinin siyasi rəhbərliyi ölkəmizdə elmin, təhsilin inkişafına önəm verir” – İlqar Orucov

Prezident İlham Əliyev ötən gün elm və təhsillə bağlı bir sıra ciddi qərarların qəbul olunması ilə bağlı sənədlər imzaladı. “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Elm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə müvafiq sənədlər Elm və Təhsil Nazirliyinin fəaliyyətinin daha effektiv qurulması, təhsilin idarə edilməsi sahəsində çox ciddi normativ sənəd kimi dəyərləndirilməlidir.

Bu fikirləri   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, nazirliyin tabeliyində yaradılmış Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi müvafiq sahədə fəaliyyəti tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən struktur vahidləri olaraq fəaliyyət göstərəcəklər.

“Hər üç agentliyə konkret səlahiyyətlərin verilməsi, kifayət qədər mükəmməl bir idarəçilik bölgüsünün onlar arasında paylanması bu istiqamətdə əvvəlki illərdə idarəetmədə olan müəyyən problemləri aradan qaldıracaq. Bir il əvvəl Prezidentin Fərmanı ilə yaradılmış Elm və Təhsil Nazirliyinin idarəetməsinin mexanizmləri daha ciddi şəkildə bu sənədlər vasitəsilə tənzimlənəcək. Azərbaycan Milli Elmlər Akademiyası dövlətin elm və elmi texniki siyasətini həyata keçirən qurum idi. Artıq rəsmi olaraq, bu status və bu siyasətin həyata keçirilməsinə məsul qurum kimi Elm və Təhsil Nazirliyi də müəyyənləşdirilib. Beləliklə, təhsilin müxtəlif pillələrinin idarə edilməsi və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində artıq ciddi şəkildə irəliləyişləri görə biləcəyik. Elmin, ali təhsilin idarə olunması istiqamətində yeni yaradılmış Elm və Ali Təhsil Agentliyinin ciddi fəaliyyətinin şahidi olacağıq. Elm və Təhsil Nazirliyinin struktur vahidlərinin müəyyənləşdirilməsi bu istiqamətdə dövlət siyasətinin icrası, idarəetmədə düzgün funksionallığın təmin edilməsi baxımından da kifayət qədər əhəmiyyətlidir. Bu həm də onu göstərir ki, Azərbaycan dövlətinin siyasi rəhbərliyi ölkəmizdə elmin, təhsilin inkişafına önəm verir, bu istiqamətdə dünyanın ən qabaqcıl idarəetmə təcrübəsini və təcrübədən irəli gələn idarəetmə mexanizmlərinin qurulmasında maraqlıdır”, – deyə İlqar Orucov söyləyib.