“Şuşa bizim cəsarətimizin rəmzidir” – Pərvin Kərimzadə

Milli-mənəvi dəyərlərimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapıb. Tarixi-mədəni önəmi və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.

Bu fikirləri  Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ötən həftənin sonunda isə Qarabağın rəmzi olan bu şəhərdə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Bütün bunlar Forumun əhəmiyyətinin göstəricisidir. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olunub. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ifadə edib. Hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını bəyan edib. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda bu haqda bildirib: “Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq… Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir”.

Eyni zamanda, dövlətimizin başçısı müdafiə və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Bunun nəticəsidir ki, bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür. Ordunun gücləndirilməsinə həssas yanaşma sərgilənməsini şərtləndirən digər bir mühüm amil müharibədən sonrakı dövrdə Ermənistanda və Rusiya sülhməramlı kontingentin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində revanşistlərin fəallaşması ilə bağlıdır. Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə də respublikamız hər hansı bir ssenariyə hazır olmalıdır. İndiki mərhələdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”.

“Beləliklə, dövlətimizin başçısının Forumun açılış mərasimində iştirak etməsi, yerli və xarici jurnalistlərin suallarını cavablandırması bir daha göstərdi ki, o, hər zaman mətbuata açıqdır, bu sahənin inkişafına hərtərəfli dəstək olur. Əbəs yerə deyil ki, bu gün Azərbaycan mətbuatı hərtərəfli inkişaf edib, ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, işğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Ölkə Prezidenti bütün 30 ilə yaxın bir müddət ərzində üzləşdiyimiz işğal faktının mətbuatımız tərəfindən daim diqqət mərkəzində saxlanmasını yüksək qiymətləndirərək bildirdi ki, mediamız gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayıb. Azərbaycan mediasının bugünkü inkişaf meyillərindən razı qaldığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan mediası çox böyük işlər görür. Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır”, – deyən Pərvin Kərimzadə Şuşa Qlobal Media Forumunun bütövlükdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma olduğunu vurğulayıb.