“Azərbaycan dünyaya sülh çağırışı edən ölkədir”

“Bu gün müstəqil Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin, festivalların qlobal forumların, konfransların, idman yarışlarının keçirildiyi unikal məkana çevrilib. Bakı Beynəlxalq Humanitar Forumu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfü deyil”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, ölkəmizin beynəlxalq ev tədbirlərinə sahiblik etməsinin təməlində Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı mövqeyi, artan nüfuzu, dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq dayanır.

Deputatın sözlərinə görə, beynəlxalq siyasətinin əsasını dünyanı bir araya gətirməklə müxtəlif dini milli konfensiyalar arasında dostluq yaratmaq təşkil edən ölkəmiz dünyaya sülh və təhlükəsizlik, sivilizasiyaların birgə yaşayışı işinə mühüm töhfələr verir, multikulturalizm, tolerantlıq nümunəsi təqdim edir:

“Həmçinin dünya xalqları müstəqil Azərbaycanın timsalında dünyada təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin edildiyi, müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkanı görürlər. Məhz bunun üçün dövlət başçıları, dünyanın düşünən beyinləri mütəmadi olaraq Bakıda toplaşaraq, bəşəriyyətin qarşısında duran qlobal problemlə bağlı fikir mübadiləsi aparırlar”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verən ölkəmizin bu dəəfə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdiyini xatırladan N.Həmzəyev söyləyib ki, 27 ildə mədəniyyət, elm, təhsil və digər sahələrdə Azərbaycan ilə UNESKO arasında uğurla davam etdirilən əlaqələrin yüksək səviyyəyə çatdırılmasında Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Deputat qeyd edib ki, mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə etmək, Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir: “UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dan çox ölkəsindən 2500-dən artıq nümayyəndənin- nazirlərin, müxtəlif təşkilatların baş direktorlarının, beynəlxalq qurumların ölkəmizdəki təmsilçilərinin qatılması Azərbaycanın keçirdiyi beynəlxalq tədbirlərin dünyada böyük maraq doğurduğuna bariz nümunədir”.

 

Orxan