Azərbaycan gəncliyi öz Prezidenti ətrafında sıx birləşməlidir

 

5

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Strasburqda, Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirakı və çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın daxili və xarici siyasətinə təsir etmək, onu idarə etmək cəhdləri səmərəsizdir və heç bir nəticə verməyəcək”. AZADİNFORM xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “İrəli” İctimai Birliyinin növbəti hesabat-seçki konfransında çıxışı zamanı deyib.

Əli Həsənov bildirib ki, Cənab Prezident qlobal düşüncə tərzi, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı və qətiyyəti ilə bir daha bu qüvvələrə göstərdi ki, Azərbaycan istənilən təzyiq və təhdid cəhdinə layiqli cavab vermək iqtidarındadır:  “Bu Azərbaycan gəncliyi üçün də bir nümunədir. Azərbaycan gəncliyi öz Prezidenti ətrafında sıx birləşməli, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə və onların buradakı vassallarına dirəniş göstərməyi və layiqli cavab verməyi bacarmalıdır. Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Belə ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri və xidməti vardır. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər təşkilatının (AMOR) sədri, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü) kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın bir gənc olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yeri və rolu vardır. Onun rəhbəri olduğu AMOR Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər qurumlarından birinə çevrilib”.