“Azərbaycan günü-gündən daha da güclənib, dinamik inkişaf edən dövlətdir” – Tamam Cəfərova

Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 11-də keçirilmiş 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirə müstəqillik tariximizdə ən böyük və genişmiqyaslı iqtisadi, siyasi yüksəlişin əldə olunduğunun sübutu idi. Müşavirədə çıxışı zamanı dövlət başçısı bəzi məqamlara xüsusilə diqqət çəkdi. Müşavirədə Azərbaycanın bundan sonrakı inkişafının əsas istiqamətlərini bir daha vurğuladı. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası işləri və iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil etdiyi vurğulandı. Cari ilin ilk altı ayı ölkəmizin dinamik inkişafından, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrin uğurla icrasından xəbər verir.

Bunu  Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan gələcəyə əmin addımlarla irəliləyən, günü-gündən daha da güclənib, dinamik inkişaf edən dövlətdir: “Ölkəmiz iqtisadi, siyasi, hərbi, sosial cəhətdən güclü dövlət kimi dünyada mövqeyini daha da möhkəmləndirir. Hazırda Azərbaycanın dövlət büdcəsi 36 milyard manatdan çoxdur. Xatırladaq ki, cari ilin dövlət büdcəsi 33 milyard manat nəzərdə tutulmuşdu. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə dürüstləşmə edilsin. Bütövlükdə 3 milyard manatdan çox vəsait büdcəyə əlavə edilmişdir. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə istiqamətləndirilib. Şübhəsiz ki, bütün bunlar Azərbaycanın artan iqtisadi gücünün göstəricisidir. Məhz bu kontekstdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri hər birimizi qürurlandırır. Geosiyasi vəziyyətə liderlik edən Azərbaycan, heç bir yerdən dəstək almadan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini uğurla davam etdirir.

Şəhərləri, kəndləri yenidən qurur. Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimizin bərpa edilir, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hamısı yenidən qurulur. Ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər artıq beş yaşayış məntəqəsində – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaq. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Xüsusi vurğulamalıyıq ki, iki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”.

Deputat Prezidentin xüsusi vurğuladığı məqamlardan biri də ölkəmiz ilk dəfə öz nəqliyyat imkanlarını ölkə hüdudlarından kənara çıxara bilməsi ilə bağlı olduğunu söyləyib: “Artıq hərəsi 115 min tonluq olan üç böyük tanker alınıb. Bu, Azərbaycan tarixində ilk dəfədir. Tankerlərə isə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Eyni zamanda Söyüdlü kəndində baş verən hadisələrə də xüsusi münasibət bildirən ölkə başçısı qeyd edib ki, “Gədəbəy vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də məsuliyyətə cəlb edəcəyik”. Şübhəsiz ki, Söyüdlü kəndində baş verənlər onu deməyə əsas verir ki, dövlət qurumlarımız və məmurlar daha diqqətli, məsuliyyətli, vətəndaşların müraciətlərinə daha etinalı yanaşmalıdırlar. Əks halda yaranan vəziyyətdən istifadə edəcək məkrli düşmənlərin əlinə fürsət vermək yol verilməzdir”.

 

Tamam Cəfərova hesab edir ki, Azərbaycan vətəndaşlarının hansısa bir məsələdə narazılığından ölkədə xaos yaratmaq məqsədilə istifadə edə biləcəyinin düşünən bədnam qüvvələr yanılırlar: “Bu ölkə 90-cı illərdəki Azərbaycan deyil. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Prezidentin dediyi kimi “Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil”.

Bir daha xatırladaq ki, Azərbaycanla heç kim ultimatumla, hədə-qorxu ilə danışa bilməz. Bu gün dünyada güc amili ön plandadır. Azərbaycan dünyada öz sözünü demiş, güclü dövlətdir. Dünyada baş verən bütün siyasi kataklizmlərə baxmayaraq, Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, daxili sabitliyi olan, iqtisadi, siyasi gücü və qlobal və regional məsələlərə təsir imkanları günü-gündən artan güclü dövlətdir”.