Bakını küçə itləri başına alıb

Paytaxt ərazisində sahibsiz itlər əsl bəlaya çevrilib. Yəni dördayaqlı “terror”çular yan-yörəmizdədir. Lakin Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Sahibsiz Heyvanlara qarşı Mübarizə Departamenti bu problemə göz yumur. Departament işinə o dərəcədə səhlənkar yanaşır ki, Bakını küçə itləri başına alıb. Ümumiyyətlə, belə bir qurumun varlığı çoxlarına məlum deyil. Əslində vətəndaşlar sahibsiz itlər görəndə məhz həmin idarəyə məlumat verməlidirlər. Sadəcə BŞİH tabeliyində belə qurumun fəaliyyətsizliyi ucbatından əksəriyyət bixəbərdir. Halbuki quruma ayrılan vəsaitlər var. Di gəl, heç bir iş görülmür. Bir ara həmin departament küçə itlərini öldürürdü. Bu vəhşilik ictimai etiraz doğurdu, heyvanları müdafiə təşkilatları ayağa qalxdı. Xatırladaq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub. Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.
Təbii ki, burada İDEA təşkilatı böyük işlər həyata keçirir. Amma departament də üzərinə düşənin ən azı yarısını yerinə yetirsə, müəyyən nəticələr olar. Yəni küçə itini öldürmək çıxış yolu deyil, təmizləmə işləri aparılmalıdır, onlar əhalinin sıx yaşadığı yerlərdən, uşaqların olduğu ərazilərdən yığışdırılmalıdır. Sözsüz ki, idarə rəisi Mübariz Qurbanov və sahə rəisi Ərəstun Əmiraslanov vəzifəsinin öhdəsindən gələrsə, Bakıda it işləməsi, sahibsiz heyvanların hər addımbaşı qarşımıza çıxması problemi vəhşətə çevrilməz.