Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi 30 il ərzində bütün beynəlxalq konvensiyalara, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirib. İşğal olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insan qətlə yetirməkdir. Belə ki, Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır.
Bildiyimiz kimi, mənfur qonşumuz Azərbaycana qarşı hələ də mina müharibəsini davam etdirir. 2022-ci ilin avqust ayından başlayaraq Azərbaycan tərəfi Kəlbəcər və Laçın istiqamətində 3 minə yaxın mina aşkarlamışdır ki, bunların işarələnməsi birmənalı olaraq həmin sursatların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu sübut edir. Ümumilikdə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77 min 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamayan hərbi sursat aşkarlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Həmçinin dövlətimiz minatəmizləmə sahəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi təsis olunması təşəbbüsü ilə də çıxış edib. Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası istiqamətdə də müəyyən işlər aparılır. Minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişafla birbaşa əlaqə kontekstində görür. Minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Dövlət başçımız öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirir, onları diqqətdən kənarda saxlamır. Belə ki, bugünlərdə Milli Məclis “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edib. Azərbaycan Respublikasının Prezidenti qanunvericilik təşəbbüsü qaydasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medalları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmiş və qəbul olunmuşdur.
Azərbaycan bu ərazilərin bərpası üzrə işlər aparır, yüz minlərlə insan doğma yurd-yuvasına qayıdacağı vaxtı gözləyir, lakin məcburi köçkünlərin sakit və təhlükəsiz qayıdışını təmin etmək üçün əvvəlcə bu əraziləri bərpa etmək lazımdır. Ölkəmizin üzləşdiyi bu probemdən bu gün dünyanın 60-dan artıq ölkəsinin əziyyət çəkdiyi nəzərə alınaraq, bu istiqamətdə həm yerli səviyyədə, həm də qlobal miqyasda təşviqat işlərinin aparılması vacibdir. Ordumuzun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir və davamlı olaraq minaların təhlükəsizliyi üçün əllərindən gələni edirlər. Azərbaycan müasir minalardan təmizləmə texnikalardan istifadə edərək azad edilmiş əraziləri minalardan təmizlənməsi prosesini davam etdirir.

Ağaquliyeva Aytac