“Azərbaycan millisi bizi heç nə ilə təəccübləndirmədi”

Belarus millisinin müdafiəçisi Danila Neçayev Azərbaycan komandasına qarşı dünən keçirilən Millətlər Liqasının oyunu ilə bağlı fikirlərini bildirib.

Xalq.az Belarus Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, BATE-nin 22 yaşlı yarımmüdafiəçisi deyib:

– Oyunla bağlı fərqli fikirlərim var. Matç istəyimiz kimi alınmadı. Baxmayaraq ki, bizdən tələb olunanı gerçəkləşdirməyə çalışdıq. Müsbət məqam odur ki, qapımızı toxunulmaz saxlaya bildik. Mənfi tərəf isə qol vurub qələbə qazana bilməməyimiz oldu.

– Rəqib siz nə iləsə təəccübləndirə bildi?

– Xeyr, təəccübləndirmədi. Biz onları yaxşı öyrənmişdik və belə oyuna hazır idik. Xüsusi heç nə görmədik. Amma rəqib yaxşı komandadır, heyətində texnikalı oyunçular var.

– Azərbaycanla oyunda kobudluq da oldu.

– Əgər qələbə qazanmaq istəyirsənsə, o zaman qorxmamalı və mübarizəyə girməkdən çəkinməməlisən. Bu, təəccüblü deyil.

– Öz oyunundan razı qaldın?

– Qalib gəlsəydik, razı qalardım. Amma heç-heçə qanəedicidir.

– Qazaxıstanın səfərdə Slovakiyanı məğlub etməsi sizi təəccübləndirmədi ki?

– Təəccübləndirmədi. Biz də Slovakiyaya qarşı pis oynamadıq. Qalib gələ bilərdik.

– İki oyuna bir xal toplamaq sizi məyus edir?

– Hə. Biz çalışırıq. Biz insanıq, robot deyilik. Qol imkanlarımız çox olmur. Amma gerçəkləşdirə bilmirik. Gərək özümüzü toparlayıb aqressiv olaq.