“Azərbaycan obyektivdə”

Obyektiv

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə aprelin 8-də Slovakiyanın paytaxtı Bratislava şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin “Dvorana” sərgi zalında “Azərbaycan obyektivdə” adlı fotosərgi açılıb.

Sərgidə Bratislavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri və sənətsevərlər iştirak edib.

Tədbirdə Slovakiya Mədəniyyət Nazirliyində dövlət katibi İvan Şeçik, Azərbaycanın Slovakiyadakı fəxri konsulu Cəlal Qasımov, Milli Məclisin deputatı Asim Mollazadə, AAC Belçika Təşkilatının rəhbəri Roman Huna çıxış edib, eyniadlı müsabiqənin fotoları əsasında tərtib olunmuş “Azərbaycan obyektivdə” sərgisinin indiyədək London, Paris, Berlin, Brüssel və İstanbulda maraqla qarşılandığını, geniş auditoriyanın bu sərgi ilə tanış ola bilməsi üçün növbəti dayanacağın Bratislava şəhəri olduğunu bildiriblər.

Qeyd edilib ki, sərgidə Azərbaycanın mədəniyyətini, təbiətini, tarixini, insanların həyatını, qonaqpərvərliyini və ölkədəki tolerantlığı təcəssüm etdirən çoxlu sayda maraqlı fotolar nümayiş etdirilir. Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən peşəkar və həvəskar fotoqrafların müxtəlif aspektlərdən təqdim etdikləri Azərbaycan mənzərələri avropalı seyrçilərdə bu ölkə haqqında təsəvvürləri genişləndirməyə, ölkəyə olan marağı artırmağa və onu daha yaxından tanımağa dəvət edir.

Sərgi salonunda slovak musiqiçilərinin ifasında Avropa və Azərbaycan musiqisi səsləndirilib. Sonda qonaqlara Azərbaycan haqqında kitablar, sərginin kataloqu və AAC ilə bağlı suvenirlər təqdim olunub.

Aprelin 12-dək davam edəcək sərgi AAC-ın təşkilatçılığı və Slovakiya Mədəniyyət Nazirliyinin himayədarlığı altında keçirilir.