“Azərbaycan öz ərazisi üzərində suverenliyini tam ələ aldı” – Deputat

“Torpaqlarımızın hər bir qarışının azad olunması bizim üçün böyük bir sevincdir. Çünki Azərbaycan 200 ildən artıq bir müddət boyu öz ərazilərini itirə-itirə gəlib. Nəhayət, 2016-cı ildə Cocuq Mərcanlı istiqamətində ordumuz bir növ Ermənistana nümayiş etdirmək istədi ki, Azərbaycan əvvəlki kimi deyil. Həmin vaxtda Ermənistan atılan addımlardan özünə dərs götürmədi”. Bu sözləri Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, 2020-ci il 27 sentyabrından sonra ordumuzun əldə etdiyi uğurlar, torpaqlarımızı işğaldan azad etməsi bizim üçün önəmlidir: “O cümlədən, Suqovuşanın azad edilməsi, həmin ərazilərin separatçı qüvvələrdən təmizlənməsi, əhalinin ora qayıdışı mühüm qələbədir. Suqovuşanda böyük su anbarından geniş şəkildə istifadə kənd təsərrüfatı sahəsinin inkişafına müsbət təsir göstərəcək. Bu, həm də turizm baxımından böyük əhəmiyyətə malik olacaq. Orada yaradılmış göldə su idmanlarının keçirilməsi ölkənin beynəlxalq aləmdə tanınması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu gün bu istiqamətdə uğurlarımız davam edir”.

Deputat sözlərinə davam edərək bildirib ki, 2023-cü il 19 sentyabrda lokal xarakterli antiterror tədbirlərin həyata keçirilməsi nəticəsində 23 saat 43 dəqiqə müddətində qazanılan qələbə Azərbaycan ordusunun hansı hazırlıq səviyyəsində olduğunu göstərir: “Həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə bir mesaj oldu ki, Azərbaycan hər zaman sülh yolu ilə torpaqlarını azad etməyə çalışır. Amma məqam yetişdikdə Azərbaycan dövləti öz sözünü deməkdən də çəkinmir. Bu axırıncı məsələdə də atılan addım onu göstərdi və Azərbaycan öz ərazisi üzərində suverenliyini tam ələ aldı”.