“Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil” – Deputat

Bu gün Cənubi Qafqaza əbədi sülhün gəlməsi, regionun inkişafı üçün müəyyən cəhdlər edilir. Daha doğrusu Azərbaycan və Türkiyənin təklif etdiyi inkişaf strategiyasının reallaşmasına dəstək üçün bəzi beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı müəyyən təşəbbüslər edirlər. Təbii ki, bu, müsbət haldır. O mənada ki, bu təşəbbüslər regionda sabitliyin olmasına əngəl törədən Ermənistan və onun xarici havadarları tərəfindən də səmimi dəyərləndirilsin.

Bunu  Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Ermənistanın təxribatlarını davam etdirməsinə sövq edən bəzi dövlətlərlə yanaşı, öz işini düzgün qurmayan beynəlxalq qurumlar da əbədi sülhün əldə edilməməsinə görə məsuliyyət daşıyırlar: “Bu arada Beynəlxalq Qırmızı Xaç Komitəsini də ilk sıralarda göstərə bilərik. Təəssüflər olsun ki, bu qurumdakıların bir qismi hələ də “ermənicə” düşünür. Hər halda Dövlət Sərhəd Xidmətinin iyulun 11-də yaydığı məlumat da, belə düşünməyə əsas verir. Həmin məlumatda qeyd edildiyi kimi BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər”.

Bunun qəti şəkildə qəbuledilməz olduğunu deyən və konkret cinayət əməli adlandıran deputat deyib: “Əvvəla, heç kim zəmanət verə bilməz ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat daşınmayıb.

Digər tərəfdən, bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Azərbaycan itirir, Ermənistan isə qazanır. Heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına dözə bilməz və dözməməlidir”.

V.İskəndərovun sözlərinə görə, bu quruma Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq olunub, aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb, amma heç bir tədbir görülməyib: “Hesab edirəm ki, son hadisə artıq bardağı daşırdı. Yəni, Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil və vəziyyətə uyğun olaraq lazımi addımlar atılmalıdır. İlkin olaraq isə bu qurumun rəhbərliyi törədilən cinayət əməlinə görə Azərbaycana izahat verməlidir”.