Azərbaycan rəssamının əsərləri Vyanada

Ressam

Vyanada MOYA Gənc İncəsənət Muzeyində “MOYA-ANNUALE 2014” sərgisi açılıb.

Dünyanın ondan artıq ölkəsindən 30-dək rəssamın əsərlərinin nümayiş olunduğu sərgidə Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, müxtəlif ölkələrin mədəniyyət mərkəzlərinin əməkdaşları, incəsənət xadimləri, mətbuat nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Muzeyin direktoru Kolya Kramer əsası 2005-ci ildə qoyulmuş MOYA Gənc İncəsənət Muzeyi (MOYA-Museum of Young Art) haqqında məlumat verib. Bildirib ki, bu mədəniyyət ocağı Avstriyada XXI əsrdə gənclərin incəsənət sahəsindəki bütün uğurlarını dəstəkləyən və onların yaradıcı inkişafına təkan verən ilk muzeydir.

Vurğulanıb ki , hər il olduğu kimi bu dəfə də “MOYA-ANNUALE 2014” sərginə müxtəlif ölkələri təmsil edən istedadlı gənclər qatılıblar. MOYA müvafiq gənc istedadların bu sərgiyə cəlb olunması və təqdirəlayiq sənət əsərlərindən ibarət bir kolleksiyanın yaranması naminə müxtəlif ölkələrin səfirlik və mədəniyyət mərkəzləri ilə koordinasiyalı iş aparır.

Muzeyin rəhbəri sayca yeddinci dəfə təşkil olunan sərginin ilbəil öz coğrafiyasını genişləndirməkdə maraqlı olduğunu və bu ilki sərgidə Azərbaycanın da iştirakını məmnunluqla ifadə edib.

Tədbirdə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ölkəmizin belə bir mötəbər sərgidə təmsil olunmasına yaradılmış imkana görə muzey rəhbərliyinə minnətdarlığını çatdırıb.

L.Qasımova Azərbaycan Mədəniyyət Mərkəzinin gələcəkdə də MOYA və digər tərəfdaşlarla Azərbaycan mədəniyyətinin yaxından tanıdılması naminə əməkdaşlığa xüsusi önəm verəcəyini qeyd edib.

Gənc Azərbaycan rəssamı Fərəc Rəhmanovun rəsm əsərlərinin nümayiş olunduğu sərgidə ifaçılarımız – Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.

Sərgi iyulun 7-dək davam edəcəkdir.