Azərbaycan sülh və sabitliyin tərəfdaşıdır

ABŞ kimi dövlətin dövlət katibinin Prezident İlham Əliyevə zəng etməsi birmənalı şəkildə dövlət başçısının qlobal müstəvidə nüfuzunun göstəricisidir.

Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

O bildirib ki, ABŞ və Qərb də anlamaqdadır ki, Cənubi Qafqazda istənilən bir hadisənin baş verməsi Azərbaycanın mövqeyindən, Prezident İlham Əliyevin bu proseslərə münasibətindən asılıdır.

“Ona görə hesab edirəm ki, ABŞ kimi dövlətin dövlət katibinin zənginin Azərbaycanın beynəlxalq mövqeyinin nə dərəcədə ciddi olduğunu göstərir.

Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan 5 aprel Aİ-ABŞ-Ermənistan görüşü ilə bağlı öz mövqeyini nümayiş etdirib. Təbii ki, Azərbaycan bu görüşün qəti əleyhinədir. Azərbaycan bilir ki, bu görüş Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəb olacaq”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin bərpa olunması ilə bağlı mövqeyini ortaya qoymaqdadır.

“Baxmayaraq ki, Ermənistan uzun müddət Rusiyanın regionda forpostu olub, Ermənistanın indiki hakimiyyəti bu gün həm Qərblə, həm ABŞ ilə ciddi münasibətlərdədir. Ermənistannın birdən birə siyasətində dəyişiklik edərək yeni qucaq axtarması, bölgəyə Avropanın və digər hərbi strukturların hərbi birləşmələrini gətirməyə çalışması regionda gərginliyin daha da artmasına səbəb olacaq.

Rusiya Ukrayna ilə münasibətlərdə uzun müddət səbr göstərdi, amma sonra müharibə qaçılmaz oldu və bu gün o müharibənin vurduğu acı ziyanlardan həm Ukrayna, həm Rusiya böyük iqtisadi, siyasi, hərbi çətinliklər içərisindədir. Ermənistanın da son dövrlərdə atdığı addımlar, konkret olaraq aprelin 5-də keçiriləcək üçtərəfli görüş və görüşdən əldə olunacaq razılıqlar son nəticədə Ermənistanın özünü də çox çıxılmaz vəziyyətə qoyacaq, Cənubi Qafqazda hərbi riskləri artıracaq çünki Rusiya bu məsələyə seyirci mövqeyi nümayiş etdirməyəcək. Hesab edirəm ki, belə olan halda biz Ermənistanın Ukrayna və Suriyadakı kimi böyük fəlakətlə üzləşdiyini görəcəyik”, – deyə deputat əlavə edib.