Azərbaycan sülhün təminatçısıdır

“Prezident İlham Əliyev aprelin 26-da Almaniyaya işgüzar səfərində bir çox mövzu barədə ətraflı və dərinməzmunlu çıxış edib. Dövlət başçısı Azərbaycan-Almaniya münasibətləri, COP29, Ermənistanla delimitasiya və demarkasiya prosesinin gedişatı, ölkəmizin enerji təminatçısı kimi əvəzedilməz rolu, insan haqları və mətbuat azadlığı kimi bir çox məsələ  barədə məlumat verib. Prezidentin dünya siyasətində öz yeri olan Almaniyaya səfəri və oradan ötürdüyü mesajlar xüsusi əhəmiyyət kəsb edir”.
Bu fikirləriaçıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, bu səfər Azərbaycanla Almaniya arasında münasibətlərin hazırda sürətli inkişaf dövrünü yaşadığını sübut edir: “Bu, görüş çərçivəsində ikitərəfli münasibətlərin və regional təhlükəsizlik məsələlərinin sağlam şəkildə müzakirəsindən də aydın olur. Almaniya ilə münasibətlərimizin bu mərhələsi ölkəmizin bütövlükdə Avropa üçün əhəmiyyətli tərəfdaş olduğunu təsdiq edir. Dövlətimizin başçısı Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan Prezidentinin Berlin səfərini və oradan ötürdüyü mesajları həm də regionumuzun təhlükəsizliyinə növbəti töhfə kimi də dəyərləndirmək olar”.
Deputat Prezidentin çıxışında xüsusi toxunduğu digər məqamlara da diqqət çəkib: “Azərbaycanın belə böyük tədbirə ev sahibi seçilməsi Azərbaycanın “yaşıl gündəliy”ini dünyaya bir daha nümayiş etdirir. Bu həm də dövlətimizə, xüsusilə də Prezident İlham Əliyevə dünyada göstərilən etimadın bariz nümunəsidir. Ölkəmizin bu tərəqqisinə görə dövlət başçısına minnətdarıq”.
Cavanşir Paşazadənin sözlərinə görə, Azərbaycanda həm sülhün təminatı, həm iqtisadi inkişafa nail olunması, həm də digər ölkələrlə münasibətlərin yaxşılaşdırılması istiqamətində görülən bütün işlər təqdirəlayiqdir: “Həyata keçirilən tədbirlər Azərbaycanın gələcəyi barədə nikbin danışmağa bizə haqq qazandırır. Təbii qaz təchizatçısı olan Azərbaycan  yaxın gələcəkdə Avropanın “yaşıl enerji” təchizatçısına da çevriləcək. Eyni zamanda regionda sülh tam bərqərar olacaq, Ermənistanla delimitasiya və demarkasiya prosesi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçiriləcək və keçmiş məcburi köçkünlərimizin doğma dədə-baba yurdlarına qayıdışı prosesi yekunlaşacaq”.
Deputat yekunda vurğulayıb ki, İlham Əliyevin toxunduğu və mühüm mesajlar verdiyi mövzular ətrafında bir sıra qüvvələr, xüsusilə də Ermənistan hökuməti dərindən düşünməlidir. Berlindəki mesajlardan bir daha aydın oldu ki, Azərbaycanı davam etdiyi haqq yolundan heç bir qüvvə döndərə bilməz.