Azad olunmuş ərazilərdə planlar uğurla icra olunur

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə qarşısına qoyduğu planları uğurla icra edir, bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

Bunu  Milli Məclisin deputatı Afət Həsənova deyib.

 

O qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum sürətlə aparılır.

“Məlumdur ki, artıq Böyük Qayıdış proqramına start verilib, xeyli sayda keçmiş məcburi köçkünlərimiz öz doğma torpaqlarına qaytarılıblar və bundan sonra da qayıtmağa davam edəcəklər. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır.

Onlar üçün orada hər cür şərait yaradılıb. Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsini buna misal göstərmək olar. Hazırda işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, orada ən müasir infrastrukturun qurulması, eyni zamanda mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir”, – deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan dövlət büdcəsidən azaqd edilmiş ərazilərin bərpası üçün lazım olan vəsait ayrılır.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə 2021-ci ildən bu günə qədər dövlət büdcəsindən 12 milyard manata yaxın vəsait ayrılıb və növbəti illərdə də vəsait ayrılması nəzərdə tutulur. Azərbaycan bu işləri öz daxili imkanları hesabına həyata keçirir və kənardan heç bir yardım almır.

Azərbaycan bütün bu nailiyyətlərə Prezident İlham Əliyevin apardığı qətiyyətli, düşünülmüş siyasət nəticəsində nail olub. Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin ən böyük arzusu idi və o, bu istiqamətdə böyük əmək sərf etmişdi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızı azad etdi. Artıq həmin ərazilər öz sahiblərinin əlindədi və yenidən dirçəlir”, – deyə deputat əlavə edib.