Azərbaycan Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri ilə yaşayır

“Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında hər zaman uca tutularaq yaşayacaqdır. Nə qədər ki, Azərbaycan var Ulu Öndər Heydər Əliyev ideyaları yaşayır və yaşayacaqdır”.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ulu Öndərimiz Azərbaycan müstəqillik əldə etdikdən sonra ən ağır vaxtlarda məhz xalqın tələbi ilə Azərbaycanı, dövlətçiliyimizi, xalqımızı bəlalardan, məhv olmaqdan xilas etdi: “Bəli, müstəqillik yenicə əldə etdiyimiz zaman ölkəmiz parçalanırdı. Bir tərəfdən erməni separatçıları Azərbaycan torpaqlarını işğal edir, digər tərəfdən AXC-Müsavat cütlüyünün bəzi xəyanətkar üzvlərinin ucbatından ölkəmiz talan olunurdu. Ermənilər bundan çox məharətlə istifadə edib torpaqlarımızı işğal edirdilər. Xalqımız başsız qalmışdı, bu məqamda məhz Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə 1992-ci ilin noyabr ayının 21-də yaratdığı Yeni Azərbaycan Partiyasının Lideri kimi 1993-cü ildə siyasi hakimiyyətə gəldi”.

Millət vəkili onu da bildirdi ki, Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin uca xatirəsini əziz tutacaqdır: “Ümummilli Lider Heydər Əliyev Azərbaycana siyasi hakimiyyətə gəldikdən sonra, məhz ölkəmizdə dövlətçilik ənənələrinin əsasını qoydu, dövlətimizi parçalanmaqdan xilas etdi, xaosa, anarxiyaya son qoydu. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə sentyabr ayında “Əsrin Müqaviləsi” imzalandı, demokratik seçkilər keçirilməyə başlanıldı və beləliklə bugünkü güclü və qüdrətli Azərbaycanın təməli qoyuldu. 2003-cü ildə prezident seçkilərində xalqa ünvanlanan Ulu Öndərimiz tərəfindən müraciət məhz “İlham Əliyevə özüm qədər inanıram” sözləri bugünkü güclü, bütöv bir Azərbaycanın qurulmasında bir təkan idi. Cənab Prezident İlham Əliyev Dahi Öndər Heydər Əliyev siyasətini davam və inkişaf etdirməklə Azərbaycanı bu gün dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirə bildi. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun tarixi qələbəsinin kökündə Ümummilli Lider Heydər Əliyev ideyası dayanırdı. Bir daha qeyd edirəm ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsini hər zaman uca tutacaq və Azərbaycanda hər zaman Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayacaq və inkişaf edəcəkdir”.