Azərbaycan və Gürcüstan arasındakı humanitar əməkdaşlıq və bu sahədə atılan addımlar.

 

Xülasə: Məqalədə Azərbaycanın xarici dövlətlətlə olan əməkdaşlığından, bunun önəmindən, Azərbaycan və Gürcüstan arasındakı humanitar əlaqələr və bu sahədə atılan addımlardan, “Azərbaycan Respublikası və Gürcüstanın Birgə Bəyənnaməsinin təstiq edilməsi barədə Azərbaycan Respublikasının Qaununu”nda bu barədə yazılanlardan, həmin humanitar əməkdaşlığın yaxın gələcəkdəki taleyi haqqındakı fikirlərdən bəhs edilir.

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, qlobal təhdid və çağırışlara dəqiq cavab verməsi, milli maraq və mənafeyini qoruması, diplomatik əməkdaşlıqda həlledici uğurlara imza atması onun xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq aləmdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dolğun təsəvvür yaratmaq xarici siyasətinin əsas məqsədləri olaraq qalmışdır.Bu və bu kimi səbələrdən Azərbaycan dövləti hər zaman xarici siyasətə önəm verən bir xalq olmuş və bu sahədə müntəzəm olaraq müəyyən addımlar atmışdır.

Faydalı əməkdaşlığa , qarşılıqlı inam və etimada, beynəlxalq hüquq normalarına əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlığı fəal surətdə dəstəkləmişdir.

Azərbaycanın qonşu ölkələrlə bağlı xarici siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Eyni zamanda Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrının fəaliyyətindən danışmasaq olmaz.

Azərbaycan və Gürcüstan arasındakı humanitar əməkdaşlıq sahəsindəki atılan addımlara nəzər salsaq görərik ki, bu sahədə müzakirələr aparılmış, hər iki dövlər də Azərbaycan və Gürcüstan arasındakı hümanitar əməkdaşlığın inkişafını dəstəkləmişdir. Bu kimi müzakirələrə misal olaraq Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin Gürcüstanın elm,təhsil,mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşü barədə söz aça bilərik. Bu görüş zamanı Mixeil Çxenkeli Gürcüstan və Azərbaycanın birgə reallaşdırdığı layihələri müsbət qiymətləndirib. Onun dediyinə görə, ali təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə elmi araşdırma layihələrinin həyata keçirilməsi olduqca vacibdir.

Bu görüşdə eyni zamanda idman və mədəniyyət sahələrində də qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Faiq Quliyev də eyni zamanda iki ölkə arasında bu humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hazır olduğunu qeyd edib.

“Azərbaycan Respublikası və Gürcüstanın Birgə Bəyənnaməsinin təstiq edilməsi barədə Azərbaycan Respublikasının Qaununu”nun III bəndində deyilir:” Azərbaycan Respublikası və Gürcüstan iki ölkənin xalqlarının çoxəsrlik dostluğu və mədəni yaxınlığını nəzərə alaraq, Azərbaycan Respublikası və Gürcüstan arasında humanitar sahədə əməkdaşlığın inkişafının möhkəm əsasa malik olduğunu təsdiq edirlər.

Tərəflər humanitar, informasiya əməkdaşlığının müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsinə, mədəniyyət, elm, təhsil, səhiyyə və sosial təminat sahələrində qarşılıqlı fəaliyyətə yardım göstərəcəklər.

Azərbaycan Respublikası və Gürcüstan gənclər və tələbələr mübadiləsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi vasitəsilə humanitar sahədə təmasların inkişafına yardım edəcəklər.

İki dost xalqın ənənəvi sıx əlaqələrini möhkəmləndirmək niyyətindən çıxış edərək, milli azlıqlara mənsub şəxslərin hüquqları da daxil olmaqla, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsinə və onların təmin edilməsinə öz sadiqliyini təsdiqləyərək, Tərəflər Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin özünəməxsusluğunun inkişafına kömək etmək, habelə onların mədəniyyətlərinin dəyərlərindən istifadə edilməsi, öz dininə etiqad etməsi və dini ayinləri icra etməsi, gündəlik həyatlarında açıq surətdə öz dilini işlətməsi hüquqlarını təmin etmək əzmindədirlər.”

Bütün bunlar onu deməyimizə əsas verir ki, Azərbaycan və Gürcüstan arasındakı humanitar əməkdaşlıq gələcək zamanlarda daha da inkişaf edəcək, genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Ayşən Qədirova

Bakı Qızlar Universiteti Filalogiya