Azərbaycan xalqı Heydər Əliyev siyasi irsinə sadiqdir

Ümummilli Lider Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, müstəqil Azərbaycan dövlətini gözləyə biləcək xarici və daxili təhlükə və təhdidlərin mahiyyətini zamanında dəqiqliklə açmaqla yanaşı, onların zərərsizləşdirilməsi və ya minimuma endirilməsi yollarını da öncədən göstərmişdir.

44 günlük Vətən müharibəsi və müharibədən ötən müddət bir daha təsdiq etdi ki, sözdə haqq və ədaləti, demokratiya və beynəlxalq hüququ təbliğ edən bəzi dünya dövlətlərinin əməlləri dedikləri ilə üst-üstə düşmür. Azərbaycanın təkbaşına bərpa etdiyi tarixi ədaləti və haqq savaşında qazandığı Zəfəri həmin ünvanlar hələ də həzm edə bilmir, qıcıq və narahatlıqla qarşılayırlar. Təəssüf ki, uzun illər ədalətinə güvəndiyimiz bu dairələr beynəlxalq-hüquq norma və prinsiplərindən, eləcə də demokratik dəyərlərdən geosiyasi maraqlarının təmin olunması üçün təzyiq və təsir aləti kimi istifadə edirlər. Ümummilli Lider Heydər Əliyev illər öncə bu cür ziyanlı və təhlükəli beynəlxalq sui-istifadənin qarşısında duruş gətirilməsinin yolunu da açıq şəkildə deyib və göstərib: “ Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir”. Ulu Öndərin xatirəsini dərin hörmətlə anır, Uca Allahdan rəhmət diləyirəm. Əminəm ki, Heydər Əliyev siyasi irsinə sadiq olan Azərbaycan xalqı milli ləyaqət hissimizi təhdidlərdən qoruyaraq tarixi Zəfəri qazandığı kimi, digər təzyiq və təhlükələri də dəf edəcək, Ermənistanın və ona himayədarlıq edənlərin beynəlxalq hüquqa zidd olan bütün təşəbbüslərini onların gözündə qoyacaq. Ona görə ki, Ulu Öndərin siyasi irsi əmin əllərdədir və ümummilli maraqlarımız bu siyasi ənənənin bundan sonra da qətiyyətli davamını tələb edir.

Ülvi Quliyev

Milli Məclisin deputatı