Azərbaycan xalqı və ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir

Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bu uğurları heç də asanlıqla əldə etməyib. Ötən əsrdə ikinci dəfə dövlət müstəqilliyini əldə edən respublikamız bu müstəqilliyi qoruyub saxlamaq üçün zaman-zaman xarici və daxili düşmənlərin müqavimətinə sinə gərməli olub. İstər Azərbaycanın bir dövlət kimi var olmasında, istərsə də ötən əsrin 90-cı illərinin ortalarına kimi dövlət çevrilişlərinin, silahlı qiyamların qarşısının alınmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Elə 1995-ci ilin mart qiyamının, dövlət çevrilişinə cəhdin qarşısı da məhz Ulu Öndərin liderlik təcrübəsi və nüfuzu, həmçinin xalqımızın daim Ümummilli Liderimizi dəstəkləməsi nəticəsində alındı.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Azərbaycanın suverenliyinə, dövlətçiliyinə qarşı yönəlmiş məlum mart hadisələrindən 26 ilin ötdüyünü bildirən  deputat əlavə edib ki, həmin hadisələr Azərbaycan dövlətinə qarşı xəyanət idi:

“Bəlli olduğu kimi 1995-ci ilin 13-17 martında Rövşən və Mahir Cavadov qardaşları və onlarla birlikdə çıxış edən siyasi müxalifət dövlət çevrilişinə cəhd etdi. Onların ilk cəhdi Ağstafa və Qazax rayonlarında oldu. Belə ki, 1995-ci ilin mart ayının 13-nə keçən gecə Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi və dövlət əleyhinə faktiki qiyam baş verdi. Martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırılsa da bu dəfə də martın 16-17-də XTPD-nin (OMON) komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərildi. Lakin bu cəhd də nəticəsiz tamamlandı və martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyamı tamamilə yatırıldı”.

Deputatın sözlərinə görə, həmin dövrdəki hadisələri yaxından izləyənlər də yaxşı bilirlər ki, OMON-çuların məqsədi birmənalı olaraq dövlət çevrilişi etmək idi:

“Bunu hadisələrin xronologiyası da təsdiqləyirdi. Belə ki, həmin dövrdə XTPD-yə Daxili İşlər Nazirliyinin daxilində qeydiyyatdan keçmək və bu qurumun tabeçiliyinə verilmələri ilə bağlı təkliflər olunsa da, OMON-çular hakimiyyətə müqavimət göstərmək qərarına gəldi. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun da iştirak edəcəyini bəyan edən XTPD rəhbərliyi üstəlik, iddialar irəli sürür, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdi. Bir sözlə, konkret olaraq dövlətin himayəsi ilə yaradılmış həmin silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi, dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırdı. Onu da qeyd edim ki, dövlət çevrilişinə cəhd edən sözügedən qeyri – qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idilər və ölkənin ağsaqqallarını, ziyalıları, hətta yaşlı atalarını belə dinləmədilər. Bu, bir daha onu göstərir ki, 1995-ci ilin mart hadisələri məhz xalqın iradəsi ilə formalaşmış konstitusion hakimiyyətə qarşı silahlı qiyam, Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq idi”.

Lakin R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin bu məkrli niyyətinin xalq tərəfindən dəstəklənmədiyini, əksinə Azərbaycan cəmiyyətində dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrətin yarandığını deyən Vüqar İskəndərov əlavə edib ki, bu dövlət çevrilişi cəhdinin fiaskoya uğramasının başlıca səbəbi Ümummilli Lider Heydər Əliyevin nüfuzu və xalqın
konstitusion hakimiyyətin müdafiəsinə qalxması oldu:

“1995-ci ilin martın 15-də Ulu Öndər Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etdi. Ümummilli Liderin çağırışı ilə öz dövlətinin, seçdiyi hakimiyyətin müdafiəsinə qalxan xalqımız birmənalı şəkildə Ulu Öndərin yanında olduğunu bir daha nümayiş etdirdi. Beləliklə, Azərbaycanın bütövlüyünün qorunmasını özünün tarixi missiyası sayan Ulu Öndər Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını almaqla ölkədəki anarxiya və özbaşınalığa son qoydu. Eyni zamanda, həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir, onları müdafiə etmir”.