Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Narkotik

Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə keçirilməsinin qarşısı alınıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 28 iyul – 8 avqust 2014-cü il tarixlərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyəta keçirdikləri tədbirlər çərçivəsində Astara Gömrük məntəqəsindən daxil olaraq Gürcüstan Respublikasına gedən Türkiyə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin qoşqusunun döşəməsinin altından qablaşdırılmış şəkildə ümumi çəkisi 69 kiloqram 610 qram təşkil edən, 116 ədəd polietilen bükümdə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələrilə cinayət işi başlanıb.

İş üzrə Türkiyə vətəndaşı şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.