“Azərbaycana qarşı informasiya hücumları intensivləşib” – Bəhruz Məhərrəmov

“Özünü “beynəlxalq insan hüquqları təşkilatı” adlandıran “Amnesty İnternational”ın ötən gün Qubad İbadoğlunun müdafiəsi üçün kampaniyaya başlaması riyakarlıq və saxtakarlıqdır. Hər kəs çox yaxşı başa düşür ki, əslində nə “Amnesty İnternational”ı, nə “Human Rights Watch”u, nə də digər təlxəklər yığınını İbadoğlu və əməli süni şəkildə siyasiləşdirilən başqaları maraqlandırmır. Proseslərin çox sadə səbəbi var. Bu gün Azərbaycan Respublikasının özünün prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması, müstəqil davranması, neoimperialist güclərin niyyətləri ilə üst-üstə düşmür. Ölkəmizin Vətən müharibəsindən sonra özünü həm də ciddi hərbi-siyasi güc kimi təsdiq etməsi bu qüvvələrin hərəkət imkanını məhdudlaşdırdığı üçün Azərbaycana qarşı informasiya hücumları intensivləşib”.

Bu sözləri  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, “demokratiya”, “humanizm”, “insan haqları” idealları ilə pərdələnən qlobal güclərin bu riyakar fəaliyyəti daha çox “müstəqil” QHT-lərin hücumunda ehtiva olunur: ““Amnesty İnternational”, “Human Rights Watch” və “Freedom House” kimi təşkilatlar isə insan hüquqları pərdəsi altında Şərqə bu səlib yürüşlərinin mühüm alətlərindən biridir. Amma bir reallığı unudurlar ki, bu təsisatlar, o cümlədən “Amnesty İnternational” ən azı bizim bölgədə insan haqları barədə danışmaq haqqını itirib. Əgər bu təsisatları həqiqətən insan haqları maraqlandırırsa, ilk növbədə Fransa şəhərlərində polisin insanlara divan tutmasına, media mənsublarına kütləvi hücumlara, habelə ABŞ-də hər il 1000-dən artıq vətəndaşın polis zorakılığının qurbanı olmasına diqqət ayırsın. Əgər “Amnesty İnternational”ı məhz Cənubi Qafqazda insan haqları maraqlandırırsa, Ermənistanda həbsdə olan müxalifət liderləri və jurnalistlərlə bağlı bir kəlmə etiraz səsi ucaltsın, yaxud 30 il ərzində təməl hüquqlarından məhrum olan 1 milyondan artıq Qarabağ və Şərqi Zəngəzur sakininin səsini dinləsin, yaxud Qərbi Azərbaycandan didərgin salınan 300 mindən artıq soydaşımızın haqlarından başlasın. Lakin “Amnesty İnternational” bu məsələlərə çatanda kar, kor və lal olur…”

B.Məhərrəmov deyib: “Xocalıda 63 azərbaycanlı uşağın erməni ordusunun hərbçiləri tərəfindən süngüyə taxılmasına, Gəncədə, Bərdədə, Tərtərdə körpələr raket zərbələri ilə məhv edilərkən susan “Amnesty İnternational” indi hansı üzlə İbadoğlunun simasında bir azərbaycanlının hüququnun müdafiəsinə qalxır? Aydındır ki, saxtakar “Amnesty İnternational” Azərbaycanda cinayət mühakimə icraatı üzərində nəzarət mexanizmi qurmaq üçün konkret əməllər üzrə təqsirləndirilən Qubad İbadoğlunun cinayət təqibini süni surətdə siyasiləşdirmək istəyir. Təbii ki, bu fəaliyyət təsisatın özfəaliyyəti, yaxud insan haqlarına sədaqətinin göstəricisi deyil, “Amnesty İnternational” aldığı direktivlər əsasında hərəkət edir. Prezident İlham Əliyevin bu il iyulun 24-də “China Media Group” korporasiyasına müsahibəsində də ifadə etdiyi kimi,  “Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onlar tam asılıdır və yiyələri ilə razılaşdırmadan bir addım belə sağa, yaxud sola ata bilməzlər”. Amma “Amnesty İnternational” da, digər muzdlu “insan haqları” təsisatları da birmənalı şəkildə anlamalıdırlar ki, onların Azərbaycanda qanunsuz təsiri istisna edən şəraitdə, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilən cinayət prosesini siyasiləşdirmək cəhdləri indidən iflasa məhkumdur. Bu saxtakarlar hər addımda özlərini daha çox ifşa edirlər. Bizim üçün onların nə dediyinin, nə yazdığının önəmi yoxdur. Biz bu mühitdə yaşamağa öyrəşmişik. Ölkə Prezidentinin də ifadə etdiyi kimi, bu gün bizim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir…”