Azərbaycanda 80 nəfər insan alverinə məruz qalıb

 

6

“Dünya birliyini davamlı səylərinə baxmayaraq, insan alveri bu gün də bütün ölkələr üçün əsas problemlərdən biri olaraq qalır. Ötən 10 il ərzində insan alverinə qarşı mübarizədə Azərbaycanda da müsbət nəticə əldə olunub. Bu nəticənin əldə olunmasında Prezident İlham Əliyevin sərəncam və qərarları böyük əhəmiyyət daşıyır. Bu müddətdə Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşulub. Ötən müddət ərzində insan alverindən əziyyət çəkən şəxslərə edilən yardım 400 manata çatıb”. Xalq.az xəbər verir ki, bu sözləri daxili işlər nazirinin müavini, Milli koordinator Vilayət Eyvazov Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinatorun illik hesabatı zamanı söyləyib.

Milli Koordinator daha sonra əlavə edib ki, ötən il Azərbaycanda 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb: “Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il 80 insan alveri və 4 cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə alınıb, insan alveri qurbanı olan 56 şəxs müəyyən edilib. Qurbanlardan 37 nəfəri sığınacaqlarda yerləşdirilib. Azərbaycanda son 10 il ərzində insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib. Ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 17 nəfər (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışı elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan (41-i qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb. Qurbanlardan 37-si sığınacağa yerləşdirilib və hər birinə zəruri yardımlar edilib. O cümlədən 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinət verilib, 13-ə Kömək Fondu maddi yardım ayırıb. Həyata keçirilən profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıdıb, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılıb. Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı uşaq “Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarında istiqamətləndirilib. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib. İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib”.

V.Eyvzaov bildirib ki, insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan və sair məsələlər ilə əlaqədar “Qaynar Xətt” telefon xidmətinə daxil olan 14 minə yaxın müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilmiş qaydada zəruri ölçülər götürülüb.

Bu müddət ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı aşkarlanaraq 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib.

Ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında ümumilikdə 274 mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın 78 məktəbini, liseyini, kollec və uşaq evlərini əhatə edib.

İkinci Fəaliyyət Planının icrası dövründə qeydə alınan 400 insan alveri və məcburi əmək cinayəti üzrə 176 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilən 263 qurbandan 173-ü təhlükəsiz sığınacağa yerləşdirilib. Reinteqrasiya dövründə 232 qurbana birdəfəlik müavinət, 133 nəfərə Kömək Fondundan yardımlar verilib. Həmçinin 48 nəfər işlə təmin edilib, 90 nəfər peşə kurslarına cəlb olunub, bir çoxları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərinə istiqamətləndirilib. Səhiyyə Nazirliyi tərəfindən 155 insan alveri qurbanına və 579 potensial qurbana tibbi yardımlar göstərilib və bu məqsədlər üçün ayrılan 5 tibb müəssisəsi zəruri avadanlıqlarla təchiz edilib.


Comments are closed.