“Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur, əksini israr etmək separatizmə açıq dəstəkdir” – Deputat

“Human Rights Watch” “Dağlıq Qarabağ”ın 10 minlərlə sakininin həyati əhəmiyyətli dərman və ərzaq çatışmazlıqları ilə üzləşdiyini və Beynəlxalq Qırmızı Xaç Komitəsinə regiona dərman və ərzaq gətirməsinə imkan verilmədiyini bəyan edir. Bu bəyanat və əvvəlki dövrün fəaliyyəti göstərir ki, “Human Rights Watch” siyasiləşmiş terror təşkilatıdır. Sorosun “Açıq cəmiyyət” institutundan qidalanan bu təşkilatın məqsədi insan haqları yox, hüquq və azadlıqlar pərdəsi altında Sorosun işğal edə bilmədiyi dövlətlərə peşəkar xaç yürüşlərinin təşkil olunmasıdır”.

Bu fikirləri  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bu cür tezis üzrə insan haqları və beynəlxalq hüququn ümumtanınmış prinsipləri “Human Rights Watch” üçün 3-cü, 4-cü dərəcəli məsələdir.

Onun sözlərinə görə, “Human Rights Watch”un bəyantına diqqət etsək, sözü elə “Dağlıq Qarabağ” ifadəsini işlətməklə başlaması Azərbaycanın suverenliyinə hörmətsizlikdir:

“Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur, əksini israr etmək separatizmə açıq dəstəkdir. Azərbaycanın Konstitusiyasının 11-ci maddəsinə görə ərazimiz vahiddir, toxunulmazdır və  bölünməzdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə 1975-ci il 1 avqust tarixli Heslinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir.

İkincisi, əgər “Human Rights Watch”u humanitar vəziyyət maraqlandırırsa, Ağdam-Xankəndi yolunu həm daha effektiv və daha etibarlı, həm də qarşılıqlı etimad mühitinin yaradılması baxımdan səmərəli alternativ kimi təşviq etməlidir. Etmirlər, çünki hədəf Azərbaycanın iradəsinin qırılması, Laçın sərhəd-buraxılış məntəqəsinin ləğvidir ki, bu arzuları gözlərində qalacaq.

Ümumiyyətlə, istər dövlətdaxili, istər beynəlxalq normalarla insanın yaşamaq hüququndan daha ümdə hüquq yoxdur və bütün insan haqları təşkilatları, o cümlədən, “Human Rights Watch” üçün müdafiəsi zəruri olan ilk amil məhz yaşamaq hüququ olmalıdır”.

Bəhruz Məhərrəmov qeyd edib ki, bu gün regionda yaşamaq hüququna ən böyük iki təhdid mövcuddur, məğlub Ermənistan və dalana dirənmiş separatçıların revanş meyilləri, ikincisi  Qarabağ və Şərqi Zəngəzurda Livan ölçüdə bir ərazidə 1 milyondan artıq partlamamış minanın qalması:

“Xüsusən minalanmış və mina xəritələri Ermənistan tərəfindən gizlədilən sahələr ən böyük humanitar fəlakətdir.  Ermənistanın müharibə cinayətlərini davam etdirməsi ilə yalnız son iki ildə 300-dən çox insanın mina qurbanına çevrilməklə yaşamaq hüququndan məhrum olmasına, 1 milyon insanın Ermənistanın urbisid, kulturasid və ekosidi ucbatından, o cümlədən minalarla çirklənmə təhlükəsinə görə  ləyaqətli və təhlükəsiz qayıdışının ləngiməsinə susmaqla muzdlu və siyasi səlibçi kimi davranan “Human Rights Watch”un digər məsələlərlə bağlı fikir söyləməsinin önəmi yoxdur”.