Azərbaycanda ilk

 

93

Tədbirə dünyanın 34 ölkəsindən 200 şirkət qatılıb.

Sentyabrın 11-də “Baku Expo” Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) sərgisi açılacaq.

XALQ.AZ xəbər verir ki, bu gün tədbirə həsr olunmuş mətbuat konfransında çıxış edən Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin bildirdiyinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə 11-13 sentyabr tarixlərində keçiriləcək sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət, o cümlədən 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edəcək.

“Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belorus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənəcək”.

Nazir müavini həmçinin vurğulayıb ki, ölkədə müdafiə sənayesi sərgisinin keçirilməsi onun inkişafının göstəricilərindən biridir:

“Azərbaycan postsovet məkanında Rusiya, Belarus və Qazaxıstandan sonra belə sərgi keçirən dördüncü ölkədir”.

Musayevin sözlərinə görə, sərgidə Azərbaycan tərəfindən 168 adda məmulat – aviabombalar, atıcı silahlar, zirehli texnika üzərində qurulan qüllələr və digər məmulatlar nümayiş etdiriləcək.

Həmçinin Yəhya Musayev vurğulayıb ki, tədbirdə Rusiyanı “Birləşmiş Aviasiya Korporasiyası”, Rosoboroneksport şirkəti, “Вертолеты России” şirkətləri təmsil edəcəklər.

“Rusiya tərəfdən sərgidə “BMP-T” zirehli döyüş maşını, həmçinin “Ka-50” vertolyotunun real modeli nümayiş olunacaq”.