Azərbaycanda jurnalist vəfat etdi

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Mübariz Əhmədov vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Ailə üzvləri 54 yaşlı jurnalistin infarkt səbəbilə vəfat etdiyini bildirib. Mərhum bu gün Saatlıda dəfn ediləcək.
Qeyd edək ki, Mübariz Əhmədov 2003-2006-cı illərdə Bakı Dövlət Universitetində, 2008-2012-ci illərdə Bakı Avrasiya Universitetində və nəhayət 2009-cu ildən indiyədək, əvvəlcə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları kafedrasında baş müəllim vəzifəsində, sonra islahatlarla əlaqədar olaraq BSU-nun Azərbaycan filologiyası və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti, daha sonra yeni islahatlara əsasən BSU-nun Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti vəzifəsində çalışıb.
2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun Etika və estetika şöbəsinin dissertantı kimi “Jurnalist etikasının problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 2018-ci ildə dosent elmi adı alıb.
M. Əhmədov 1999-cu il 18 mayda Vladivostokda “Azərbaycan” ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edib və Azərbaycan, əsasən Qarabağ həqiqətlərini təbliğ etməyə başlayıb. O, müntəzəm olaraq saytlarda Mübariz Azərbaycanlı imzası ilə müstəqil jurnalist kimi siyasi xarakterli analitik yazılarla çıxış edirdi.
Allah rəhmət etsin!