Azərbaycanda kriminal və qeyri-sağlam qrupların kompakt yaşadığı ərazilər formalaşa bilər – ANALİTİKA

Hazırda Azərbaycan dövləti iki mühüm cəbhədə mübarizə aparır.

Qarabağla bağlı Ermənistan və onun himayədarı olan dövlətlərlə və narkotik maddələrin qaçaqmalçılığına, dövriyyəsinə qarşı…

Hər iki cəbhədə aparılan mübarizənin konturlarında dərin bağlılıq var. Üçtərəfli razılaşmanın imzalanmasından 3 ilə yaxın müddət ötsə də, hələ də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb. İki ölkə arasında sülhə nail olmaq üçün Moskva-Brüssel-Vaşinqton marşrutu yekun addımlarla çıxış edə bilmir. Sülh müqaviləsinin imzalanması istiqamətində Qərbin pozitiv təşəbbüsləri Rusiyanın Qarabağdakı təxribatlarını artırır, Rusiyanın üçtərəfli razılaşmanın müəlliflərindən biri kimi sülh müqaviləsinin imzalanmasında əsas güc olmaq üçün tam təşəbbüsü ələ almaq cəhdləri də Qərb ölkələrinin dəstəyi ilə Ermənistanın qeyri-kontruktiv mövqeyini gücləndirir. Qərb Rusiya-Ukrayna müharibəsi bitməmiş Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq istəyini açıq şəkildə ifadə edir, çünki indiki durumda Rusiya zəifdir, özünün Cənubi Qafqazdakı klassik mövqeyini xeyli dərəcədə itirib. Amma Rusiya Ukrayna ərazisində kollektiv Qərblə apardığı müharibə bitmədən Ermənistan-Azərbaycan arasında sülh əldə etməyi planlaşdırmır. Ancaq durum bu cür labirint şəkil alsa da, Azərbaycan öz müstəqil mövqeyini və sülhə nail olmaq iradəsini qoruyur.

Əgər vaxtında tədbirlər görtülməsə, Azərbaycanda qeyri-sağlam kontingentin, kriminal qrupların və narkomanların kompakt yaşadığı ərazilər formalaşacaq.

Azərbaycan üç ildir narkomaniya və narkotik maddələrin dövriyyəsinə qarşı ciddi mübarizə aparır, bu istiqamətdə ciddi nəticələr əldə olunsa da, hadisələr bu mübarizənin yetərli olmadığını göstərir. Bir müddət əvvəl Qazaxıstan hökuməti narkotik maddələrin dövriyyəsinə qarşı atılan addımları mübarizə deyil, müharibə kimi qiymətləndirib. Mütəxəssislər hesab edirlər ki, mübarizə üsulları narkotik maddələrin dövriyyəsinə qarşı yetərli ola bilməz, ciddi siyasi iradə bu istiqamətdə müharibə elan etməlidir.

Artıq Azərbaycanın cənub ərazilərində – Yardımlı, Lənkəranda və digər bir neçə rayonlarda kriminal və qeyri-sağlam insanların yaşadığı ərazilər formalaşmaqdadır. Məsələn, elə kəndlər var ki, həmin kənddə yaşayan hər bir ailədə narkomanlar, narkotik alverçiləri var. İranla sərhəd olan rayonlarımızda bütöv kəndlərin narkotik bəlasına düçar olması ciddi həyəcan təbilidir. Dünyanın müxtəlif ölkələrində kriminallaşmış insanların kompakt yaşadığı xeyli sayda ərazilər formalaşıb.

BMT-nin ekspertləri narkosənayenin dünyada dövriyyəsini 400-500 milyard dollar civarında qiymətləndirir, bu da beynəlxalq ticarətin 8-10%-ni təşkil edir. Bəli, söhbət böyük bir bazardan – narkosənayedən gedir.

Azərbaycan narkobəlanın fəsadlarını hələ indi qiymətləndirir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da narkomaniya əsasən gənclər arasında yayılıb. Narkomaniya güllə atmadan gəncləri məhv edir. II Qarabağ müharibəsi zamanı verdiyimiz şəhidlərin və qazilərin əksəriyyətini gənclər təşkil edir. Bundan sonrakı gənc nəslin məhv edilməsinin bizə nələr vəd etdiyini düşünmək elə də çətin deyil.

Statistikaya əsasən, 2022-ci ildə ölkədə qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i və ya 29,2 %-i narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 % çoxdur.

Heç şübhəsiz ki, ölkədə mövcud narkodurum Qarabağla bağlı Azərbaycanın əleyhinə olan ölkələrin maraqlarına tam cavab verir. Bu baxımdan, Qarabağla bağlı aparılan effektiv mübarizə narkotik maddələrin dövriyyəsinə qarşı da eyni iradə ilə aparılmalıdır.

Bütün bu xoşagəlməz mənzərə real suallar yaradır.

Xüsusilə qeyd etməliyik ki, Azsiyaset.com saytı uzun müddətdir narkotik maddələrin dövriyyəsi və narkomaniya ilə bağlı analitik məqalələrlə çıxış edir.

Bu istiqamətdə ixtisaslaşan sayt olaraq, haqlı sual edirik:

Azərbaycanda narkotik satışından əldə olunan gəlir hara gedir?

1. Bu gəlirlər İrana qayıdır. İran isə əldə etdiyi bu pullarla Azərbaycanda pozuculuq fəaliyyəti hə keçrir.

2. Bu gəlirlərin bir qismi Azərbaycanda qalır. Narkotik satışından əldə olunan külli miqdarda bu pullar ölkəmizdə qalırsa, bunun fəsadlarını da düşünmək lazımdır. Belə çıxır ki, gözəgörünməyən bu qara pullar məqamı düşəndə arzuolunmayan işlərə, eləcə də kimlərinsə siyasi ambisiyalarının maliyyələşməsinə sərf oluna bilər. Nə qədər ki, gec deyil, real tədbirlər həyata keçirilməlidir.

Aidiyyyatı dövlət qurumları belə bir kritik şəraitlə bağlı real təhlillər aparmalı, situasiyanı doğru qiymətləndirməli və praktiki addımların atılmasına nail olmalıdır.

Əgər ötən 2-3 il ərzində Azərbaycan cəzaçəkmə müəssisələrində narkotik maddələrə görə saxlanılan şəxslər ümumi məhbusların 50%-ni təşkil edirdisə, indi bu rəqəm 60%-ə qalxıb. Məhbuslar azadlığa çıxandan sonra eyni əməli yenidən törədərək cəzaçəkmə müəssisəsinə geri qayıdır. Əvvəlki məqalələrdə qeyd etdiyimiz kimi, polis orqanları öz işini görərək cinayətkarı tutur, məhkəmə iş verir, cəzaçəkmə müəssisələri isə islah etmir. Nəticədə karusel formalaşır. Əvvəlki illərlə müqayisədə cəzaçəkmə müəssisələrində radikal dindarlıq möhkəm şəkilləndirilib və radikal dindarlıq kriminal qruplarla eyni dərəcədə mövqe qazanıb. Daha açıq şəkildə ifadə etsək, Penitensiar Xidmət cinayətkarları islah etmir, əksinə onları daha təcrübəli hala salaraq yetişdirir.

Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, narkomaniya və narkotik maddələrin dövriyyəsinə qarşı ciddi tədbirlər görülməsə, əhalinin qeyri-sağlam durumu ilə barışmalı olacağıq. Azərbaycan hələki birinci – “doza” mərhələsindədir. İkinci mərhələ hansıdır? Bir neçə Avropa Birliyi ölkəsində narkomaniya ilə bağlı vəziyyət o qədər kritik hal aldı ki, onların bir neçəsi narkotiki qanuniləşdirmək məcburiyyətində qaldı. Bəlkə elə əsl plan budur, bizi də buna sövq edirlər?! Cənub Koreya kimi bir neçə ölkə isə üçüncü mərhələni yaşayır, orada narkotik maddələrin böyük bir hissəsi “narkotik maddə kateqoriyası”ndan çıxıb. Narkotik maddələrin qarşısını almaq üçün əvvəlcə qanunların sərtləşdirilməsinə gedən bəzi ölkələr isə daha sonra bu cəzaları inqilabi şəkildə azaltmalı olmuşdu. Məsələn, Portuqaliya. Bu ölkə hələ 22 il əvvəl narkotikə görə cəzaları azaltdı, reabilitasiya konsepsiyasını genişləndirdi və ciddi nəticələr də əldə etmiş oldu.

Azsiyaset.com

Müəllif Samir Feyruzov