Azərbaycanda təhlükəsizlik,sabitlik müvəffəqiyətlə qorunur

 

Azərbaycan təhlükəsizlik baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır

  • Təhlükəsizlik, sabitlik hər bir dövlət qarşısında ən ümdə vəzifə olaraq dayanır. Ona görə ki, hər bir dövlətin uğurlu inkişafının, insanların xöşbəxt və firavan yaşamasının təməlində məhz təhlükəsizlik, sabitlik dayanır. Böyük fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Ölkəmizin bu uğurunun əldə olunmasında bu gün 105 illiyini qeyd etdiyimiz Azərbaycan təhlükəsizlik orqanlarının böyük rolu və əməyi vardır.

 

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb.

 

“Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində milli təhlükəsizlik orqanının formalaşması və inkişafı istiqamətində xeyli işlər görüldü. Əfsuslar olsun ki, sovet dövründə təhlükəsizlik oraqnlarının inkişafına süni əngəllər törədilir, milli kadrların yetişdirilməsinə, xüsusi xidmət orqanında yüksək vəzifələr tutmasına imkan verilmirdi. Yalnız ümummilli lider Heydər Əliyev dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifəyə gəldikdən sonra milli kadrların yetişdirilməsi və irəli çəkilməsi mümkün oldu. Beləki, Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin olunması ilə təhlükəsizlik orqanlarının milliləşdirilməsi siyasətinə başlanıldı. Heydər Əliyev təhlükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə əsaslı dönüş yaradaraq təhlükəsizlik orqanlarının milliləşdirilməsi məqsədinə nail oldu”, – deyə A.Həsənova vurğulayıb.

 

Deputat vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra təhlükəsizlik orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, struktur islahatlarının aparılması istiqamətində mühüm işlər görüldü.

 

“Məhz ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olundu. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Bu xüsusda Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması mühüm addım idi. Bu islahatlar təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, çevikliyin artırılmasına imkan verdi. Bunun nəticəsidir ki, bu gün xüsusi xidmət orqanları xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlığın və digər cinayət əməllərinin qarşısını çevik formada alır, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətində səmərəli fəaliyyət göstərir.

 

Bütün bunlarla yanaşı təhlükəsizlik orqanlarının əməkdaşlarının həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində fədakarlığı, torpaqlarımızın qorunması və işğaldan azad edilməsi uğrunda döyüş meydanına atılması, öz canlarından keçməsi qəhrəmanlığın bariz nümunəsidir”, – deyə deputat əlavə edib.