Azərbaycanda yeni dövlət standartı təsdiq olundu

118

 

Təkərli nəqliyyat vasitələrinin siyahısı genişləndi.

AZS 635-2014 dövlət standartı təsdiq edilib.

Xalq.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə  AZS 635-2012 “Azərbaycan Respublikasının sertifikatlaşdırma sistemi. Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” dövlət standartı ləğv edilərək eyniadlı AZS 635-2014 dövlət standartı təsdiq edilib.

Bu standartda AZS 635-2012 dövlət standartından fərqli olaraq ümumi istifadədə olan yol şəbəkəsində istismar üçün nəzərdə tutulan təkərli nəqliyyat vasitələrinin siyahısına (yük və minik avtomobilləri, avtobuslar, xüsusi nəqliyyat vasitələri, troleybuslar, elektromobillər, qəza və operativ xidməti nəqliyyat vasitələri, motosikletlər, motorollerlər, mopedlər, motovelosipedlər, qoşqu və yarımqoşqular) mokiklər də əlavə edilib.

Yeni standart adıçəkilən nəqliyyat vasitələrinin, o cümlədən, onların avadanlıq və hissələrinin sertifikatlaşdırılması və tipinin təsdiqi qaydalarını müəyyən edir.

Standarta əsasən qeyd olunan nəqliyyat vasitələrinin, onların avadanlıq və hissələrinin sertifikatlaşdırılması və digər tələblər tabeliyindən və mülkiyyət formasından, xarici investisiyanın mövcudluğundan, dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində istehsal və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, nazirlik və idarələr üçün məcburidir.

Hüquqi normativ sənəddə sertifikatlaşdırma sxemləri, sertifikatlaşdırmanın aparılma qaydası, sertifikatlaşdırılan məhsulun inspeksiya nəzarəti, sertifikatlaşdırma işlərinin ödənişi və digər informasiyalar yer alır.