Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 25 il ötür

 

baki

Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 25 il ötür. XALQ.AZ-ın  məlumatına görə, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-yə üzv olmaq məqsədilə BMT Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün – Azərbaycanın dövlət bayrağı qaldırılıb.

1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlayıb. Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması onun dünya birliyinə, beynəlxalq aləmə sıx inteqrasiyası ilə yanaşı, həm də Ermənistanın ölkəmizə qarşı təcavüzünü ifşa etməyə imkan yaratdı. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynadı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Məclisinin sessiyalarında çıxışları zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan edib və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb.
BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilib. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin torpaqlarda yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub.
2011-ci il oktyabrın 24-də isə Azərbaycan iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçdi. Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub.
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.