“Azərbaycanın Laçın yoluna tam nəzarət etmək haqqı var” – Deputat

Azərbaycanın bütün addımları beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılması da bu qəbildəndir. Bunu Beynəlxalq Ədalət Məhkəməsi də təsdiqlədi. Belə ki, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olmasına dair Ermənistanın vəsatəti Məhkəmə tərəfindən rədd edildi.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O vurğulayıb ki, məhkəmə bu qərarı ilə faktiki olaraq Azərbaycanın dövlət sərhəd-buraxılış məntəqəsinin qurulmasının beynəlxalq hüquq tərəfindən tanındığını təsdiqləyib. Laçın yolundan Azərbaycan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar öhdəliyinin olmadığı ilə bağlı məsələ də təsdiqləndi. Təbii ki, Azərbaycanın bu dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Laçın yoluna tam nəzarət etmək haqqı var və beynəlxalq məhkəmənin qərarı da bunu təsdiqləyir.

Deputatın sözlərinə görə, bu qərarla həm də Azərbaycana qarşı qaldırılan beynəlxalq qərarları pozmasına dair iddiaların əsassız olduğu da müəyyənləşdi.

“Beləliklə, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə Azərbaycanın suveren ərazilərini tanıdığını da elan etmiş oldu. Bu isə ermənilərin “Miatsum” xülyasının tam iflasa uğradığının göstəricisidir.

Bir sözlə, erməni təbliğatına baxmayaraq, Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olunur. İstər Ermənistan, istərsə də Fransa başda olmaqla digər havadarların bu istiqamətdəki pozucu səyləri də nəticəsiz qaldı”, – deyə Könül Nurullayeva bildirib.