Deputat: “Əlaqələrimiz ölkələrimizin inkişafına təkan verəcək”

Azərbaycanın dünya ölkələri ilə əlaqələri uğurla inkişaf edir. Bir çox dövlətlər Cənubi Qafqazın lideri olan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Belə dövlətlərdən biri də Albaniyadır. Azərbaycan ilə Albaniya arasında münasibətlər son illər dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Albaniya Prezidenti Bayram Beqayın ölkəmizə rəsmi səfəri də bu faktı təsdiqləyir.

Bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniya Prezidenti Bayram Beqayın təkbətək və geniş tərkibli görüşündə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda yaxın dost və qardaş ölkələr olan Azərbaycanla Albaniya arasında əməkdaşlıq əlaqələri həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edir.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiklərini qeyd edən deputatın sözlərinə görə, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu barədə xüsusi vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, Albaniya qardaş ölkə olaraq bizi dəstəkləyib.

“Azərbaycan və Albaniyanın enerji sahəsində də fəal münasibətləri mövcuddur. Ölkələrimiz enerji sektorunda sıx əməkdaşlıqla bir-birinə sıx bağlıdır. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımdan, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyəti çox böyükdür. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qazpaylayıcı kimi rolunu daha da artıracaq.

Ümumiyyətlə, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Albaniya Prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri isə əlaqələrimizin inkişafına təkan verəcək”, – deyə Sevinc Fətəliyeva bildirib.