Azərbaycanın yaratdığı yeni reallıqları Ermənistan qəbul edəcək

“Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa Şurasının Prezidenti Şarl Mişel və NATO baş katibi Yens Stoltenberqlə ikitərəfli görüşlər keçirib. Hər zaman olduğu kimi, dövlət başçımız ölkəmizin regionda sülhə yönəlik siyasətini Avropalı siyasətçilərin diqqətinə çatdırıb”.

Bunu  açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti müharibədən sonra nizamlama proseslərinə mane olan amilləri xatırlatmaqla, bir daha iki xalq arasında, uzun illər ərzində formalaşmış düşmənçilik səhifəsini çevirməyə hazır olduğunu bildirib: “Ancaq, problem ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiya proseslərinə başlanılması, böyük sülh sazişinin bağlanması və münasibətlərin normallaşması istiqamətində Ermənistan rəhbərliyinin tutduğu qeyri-konstruktiv mövqe, xaricdən və daxildən edilən ciddi təzyiqlər buna imkan vermir. Hazırda Ermənistan elə bir kritik vəziyyətdədir ki, ondan hansısa ciddi addımların atılmasını gözləmək, sadəcə sadəlövhlük olardı”.

N.Məhəməliyev deyib ki, Brüssel görüşündən konkret gözləntilərə gəldikdə, optimist deyil: “Ciddi qərarların  qəbul olunması üçün Ermənistana təzyiqlər olunmalı, sülh sazişinin bağlanmasına vadar etməlidirlər. O da indiki halda, Avropa strukturları tərəfindən mümkün görünmür. Heç kimə sirr deyil ki, Qərbin ermənipərəst dairələri Ermənistanın məğlubiyyətini həzm edə bilmir. Xristian təəssübkeşliyi, ikili standartlar obyektiv qərarların qəbuluna, heç olmasa neytral mövqe sərgilənməsinə mane olur.

Bütün bunlara baxmayaraq, əminəm ki, Soçi görüşünün əsasında, Rusiya, Azərbaycan, Ermənistan formatında problem həllini tapacaqdır. Rusiyanın əlində Ermənistana qarşı kifayət qədər hərbi, siyasi, iqtisadi sahədə təsir vasitələri var və nizamlama prosesində Rusiya ilə ölkəmizin planları üst-üstə düşür.

Düşünürəm, Brüssel görüşündən sonra Paşinyan başa düşəcək ki, artıq kimlərəsə arxayın olmaqla, prosesi ləngidə bilməyəcək və sülh müqaviləsi bağlanmalıdır. Alternativi yoxdur”.