Deputat nazirlərin görüşünü şərh etdi

“Bildiyimiz kimi Liverpul şəhərində 10-12 dekabr tarixində G-7 yəni dünyanın ən nüfuzlu 7 ölkəsinin xarici işlər nazirlərinin toplantısı baş tutdu. Bu toplantının əsas, yadda qalan məqamlarından biri də ondan ibarətdir ki, Rusiyanın Ukraniya sərhədlərinə qarşı külli miqdarda ordu yığması, silah-sursat yığması ilə bağlı ciddi narazıçılıqlar ifadə olundu”.

Bu sözləri açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, Co Bayden ilə Vladimir Putin arasında iki saatdan çox davam edən görüşün məğzinin fonunda belə bir zirvədən çıxan qərarlar G-7 zirvəsini təmsil edən ölkələrin Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq olunması ilə bağlı vermiş olduğu mesajların xüsusi əhəmiyyət kəsb etdiyi də ortaya qoymaqdadır: “Şübhəsiz ki, Ukraniya-Rusiya gərginliyinin dünya çapında belə böyük əks-səda doğurması təbiidir. Çünki dünyanın qlobal və hegemon dövlətlərindən biri sayılan Rusiyanın Ukraniya ilə gərginliyi şübhəsiz ki, həm Avropa dövlətlərini, həm də ABŞ-ı ciddi şəkildə narahat etməkdədir. Bu da xarici işlər nazirlərinin vermiş olduğu bəyanatda açıq-aşkar öz əksini tapıb. Şübhəsiz ki, bu görüşün keçirilməsinin əhəmiyyəti dünyada baş verən siyasi çalxantılar, post-pandemiya dövrünə doğru hərəkət etdiyimiz çərçivədə dünya iqtisadiyyatının dirçəldilməsi və bir çox qlobal məsələləri də özündə ehtiva edir. Bu görüşdə əsas məsələ Rusiya və Ukraniya məsələsi idi. İnanırıq ki, yaxın gələcəkdə hər hansı bir siyasi və hərbi sürtüşmə müharibə ilə nəticələnməyəcək”.