Azərbaycanlılar Tbilisidə ermənilərin cavabını verdilər

42

Gürcüstanda Cənubi Qafqazda dini etiqad azadlığına həsr olunmuş konfrans keçirilib.

Sentyabrın 11-12-də Tbilisidə “Cənubi Qafqazda din və etiqad azadlığı” mövzusunda beynəlxalq konfrans keçirilib. Niderland krallığının Xarici İşlər Nazirliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının ofisi və Azlıqların məsələləri üzrə Avropa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Cənubi Qafqazda vicdan azadlığı ilə bağlı mövcud vəziyyəti müzakirə etmək və dini icmalar arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmaqdan ibarət olub. Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan müvafiq dövlət qurumlarının nümayəndələri və müxtəlif dini konfessiyaların təmsilçiləri iştirak ediblər. Konfransa  Azərbaycandandan  Prezident Administrasiyasının, Ombudsman aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də ölkədə fəaliyyət göstərən əksər dini konfessiyaların nümayənədərindən ibarət heyət qatılıb. Nümayəndə heyəti konfransdan öncə Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində olub.

Tədbirin birinci günü Ombudsman aparatının sektor müdiri Rəşid Rumzadə, Qafqaz Müsəlmanları İdarəsininn sədr müavini Fuad Nurullah, Azərbaycan Avropa Yəhudiləri dini icmasının ravvini Shneor Segal Azərbaycanda mövcud dini vəziyyət, dövlətin dini icmalara qayğısı, ölkəmizin tolerantlıq ənənələri, dini konfessiyalar arasında əməkdaşlıq mühiti barədə çıxış ediblər.

Konfransın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Alban-Udi dini icmasının sədri Robert Mobili, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Mifodiy, “Həyat sözü” dini icmasının müavini Elçin Paşayev, QMİ-nin şöbə müdiri Zülfüqar Fərzəliyev sadalanan mövzularda məruzə ediblər.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov təqdimat zamanı ölkəmizdə dini durumla bağlı ümumi mənzərə, Azərbaycanda din-dövlət münasibətləri sahəsində qanunvericilik, ölkəmizin din siyasəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmaların fəaliyyətinin istiqamətləndirilməsi və onlara yardım göstərilməsi yönündə gördüyü işlər barədə məlumat verib.  G. İsmayılovun Azərbaycanın torpaqlarının işğalı nəticəsində  dini abidələrimizin dağıdılması və insan hüquqlarının pozulması barədə Azərbaycan həqiqətlərini konfrans iştirakçılarına çatdırması erməni nümayəndə heyətini qıcıqlandırıb. Onların Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdəki tolerantlıq barədə məlumatların guya şişiridilməsi fikirlərinə sədr müavini G. İsmayılov cavab verərək bildirib ki, onun özü 10 yaşında ikən Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlib və hal-hazırda yaşadığı bu şəhərdə azərbaycanlılarla bərabər ermənilər də yaşayır, Bakının mərkəzindəki erməni kilsəsi isə dövlət tərəfindən bərpa edilib. O, erməni iştirakçılara ritorik sual ünvanlayıb: “Ermənistanda bir nəfər də olsun azərbaycanlı və ya bir dənə Azərbaycan məscidi varmı?”