“Azərbaycanlılara qarşı soyqırım, insanlıq əlehinə cinayətlər törədənlər cəzasız qalmayacaq” Deputat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında xüsusi olaraq qeyd etmişdir ki, Laçında Ermənistan dövləti müharibə cinayətləri törədərək, qanunsuz məskunlaşma aparırdı, xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib, onları azərbaycanlıların evlərində yerləşdirmişdi.

Bunu açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Deputat bildirib ki, əsas məqsədləri əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi və məcburi köçkünlərin geriyə dönməsinin qarşısının alınmasından ibarət olan bu cür əməllər beynəlxalq humanitar hüququn ciddi pozuntusu olaraq müasir beynəxalq hüquqda müharibə cinayəti kimi qiymətləndirilir.

“Xatırlatmaq yerinə düşər ki, hələ 5 fevral 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası müəyyən etmişdir ki, Laçında 8000-dək erməniəsilli şəxs qeyri-qanuni məskunlaşmışdır.

Qanunsuz məskunlaşma siyasətinin həyata keçirilməsi Ermənistanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə etinasız münasibətinin bariz nümunəsi idi. Məlum olduğu kimi, Ermənistan 7 iyun 1993-cü ildə dörd Cenevrə konvensiyaları və onların iki Əlavə Protokollarına qoşulmuşdur.

“Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” IV-cü Cenevrə Konvensiyanın 49-cu maddəsinin 6-cı bəndinə uyğun olaraq “İşğalçı dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və yə köçürə bilməz”. Digər tərəfdən, Cenevrə Konvensiyalarına 8 iyun 1977-ci il tarixli Əlavə Protokolun (I Protokol) 85-ci maddəsinin 4-cü hissəsinə əsasən, “işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz mülki əhalisinin bir hissəsinin köçürülməsi bu Protokolun ciddi pozuntusu sayılır” və nəticə etibarı ilə həmin əməllər müharibə cinayəti kimi tövsif edilir.

Belə bir hüquqi yanaşmaya başqa müqavilələrdə də rast gəlinir. 1998-ci ilin 17 iyul tarixində Roma Diplomatik konfransında qəbul edilən və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsi Statutunun (Nizamnaməsinin) 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, Cenevrə Konvensiyalarına Əlavə Protokolun (I-ci Protokol) 85-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi beynəlxalq cinayət məsuliyyətinə səbəb olur”, – deyə o, əlavə edib.

Nizami Səfərov qeyd edib ki, məsələnin digər bir aspekti isə, müharibə cinayətlərinə görə məsuliyyətin qaçılmaz olduğudur:

“Məhz bu cür əməlləri törədən şəxslərin beynəlxalq miqyasda cəzasızlığının aradan qaldırılması məqsədi ilə Birləşmiş Millətlər Təskilatı 26 noyabr 1968-ci ildə “Müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərə görə müddətlərin tətbiq edilməməsi haqqında” Konvensiya qəbul etmişdir. Dövlətimiz bu Konvensiyaya 16 avgust 1996-cı ildə qoşularaq və onun hüquqi yanaşmasını Cinayət məcəlləsinin 75.5-ci maddəsində implementasiya edərək, nəzərdə tutmuşdur ki, sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə tətbiq olunmur. Digər mühüm hüquqi məqam 5 dekabr 2006-cı ildə “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Konstitusiya qanununun qəbul olunması ilə bağlıdır. Həmin qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

Beləliklə, həm beynəlxalq hüquq, həm də daxili qanunvericilik müharibə cinayətlərinə qörə məsuliyyəti qaçılmaz edir və azərbaycanlılara qarşı soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törətmiş şəxslər adalət mühakiməsi qarşısında cavab verməli olacaq. Bunu tarixi ədalət və beynəlxalq miqyasda qanunun aliliyi prinsipinin ardıcıl olaraq həyata keçirilməsi tələb edir”.