2024-cü il növbədənkənar prezident seçkilərinin nəticəsi olaraq İlham Əliyevin qələbəsi və ərazi bütövlüyünü təmin etmiş ölkəmizin prezidenti kimi and içməsi 21 illik şərəf dolu bir yolun növbəti zirvə nöqtəsi idi.
2023-cü il oktyabrın 15-də Xankəndidə bayrağımızı ucaldan İlham Əliyev yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı deyil, həm də ikiəsrlik tariximizə zəfər yaşadan yeganə Ali Baş Komandan olduğunu sübut etdi. Həmçinin müasir dünyanın siyasi tarixində İlham Əliyev prezidentliyə namizəd kimi xalqa verdiyi vədləri tam şəkildə yerinə yetirən, ümumxalq etimadını bütövlüklə doğruldan yeganə liderdir. Bu baxımdan bir il öncə, fevralın 14-də keçirilən andiçmə mərasimi tariximizin qalibiyyət səhifəsinin siyasi möhürü idi.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək Azərbaycanı keyfiyyətcə daha yüksək inkişaf səviyyəsinə çatdırdı, yeni, müasir Azərbaycan dövlətini qurdu. Müzəffər Ali Baş Komandan Azərbaycana rəhbərlik etdiyi illər ərzində bəyan edilmiş platformaya sadiq qaldı. Dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq, bu gün demək olar ki, hər bir ölkə vətəndaşı bu xəttə sadiqliyini nümayiş etdirir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda əsası Ulu Öndər tərəfindən qoyulmuş neft siyasəti uğurla həyata keçirildi, daxil olan neft gəlirləri qarşıya qoyulan məqsədlərə – möhtəşəm quruculuq işlərinə, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldildi.
Prezident İlham Əliyevin həyata keçirdiyi dəqiq müəyyən edilmiş, çoxvektorlu xarici siyasət Azərbaycanı regionun lider dövlətinə çevirdi. Dünyanın ən müxtəlif geosiyasi qütbləri ilə əlaqələr qorunub saxlanıldı, beynəlxalq güc mərkəzlərinin təzyiqləri nəinki uğurla zərərsizləşdirildi, həmçinin toqquşan maraqlar da uzlaşdırıldı. Bu gün elə bir regional məsələ yoxdur ki, Azərbaycanın rəyi nəzərə alınmadan, onun iştirakı olmadan həll edilsin. Bütün bunlar Prezident İlham Əliyevin əvəzolunmaz xidmətlərinin nəticəsidir.
Dövlət başçısı dünyada müsbət imici ilə etibarlı tərəfdaş kimi tanınır. Praqmatizm, düşünülmüş dövlət siyasəti, uzaqgörənlik, yüksəksəviyyəli idarəetmə və humanizm – bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, ölkənin milli maraqlarının etibarlı müdafiəsi və təmin edilməsi dövlət başçısının bu ali keyfiyyətləri sayəsində mümkün olub. O, Azərbaycanı zamanın çağırışlarına ustalıqla uyğunlaşdıra bilib.
Son 22 ildə kifayət qədər yüksək nailiyyətlər qazanıldı, bütün uğurlar nəticədə Azərbaycanı zəfərə qovuşdurdu. Azərbaycan xalqı vətən naminə, qələbə naminə qalib Ali Baş Komandanın ətrafında vahid yumruq halında birləşərək birlik və həmrəylik nümayiş etdirdi. İlham Əliyevin dəmir iradəsi, xalqın öz Prezidenti ilə həmrəyliyi Vətən müharibəsində qələbənin açarı oldu. Xalqın öz liderinə dəstəyi və inamı Azərbaycanın sabitliyinin və çiçəklənməsinin, daha da qüdrətli ölkəyə çevrilməsinin əsas təminatçısıdır. Buna görə də bu gün qalib Azərbaycan xalqı gələcəyə böyük nikbinliklə baxır.
Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi dünya birliyində öz mövqelərini daha da möhkəmləndirib. Başqa dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil edir. Beynəlxalq aləmdə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa, geostrateji maraqların həyata keçirilməsinə, terrorizmə qarşı mübarizəyə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşamasına yönəlmiş uzaqgörən xarici siyasət həyata keçirilir.
Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət əminliklə deməyə əsas verir ki, Azərbaycan daha böyük uğurlara və inkişafa doğru geridönməz kurs alıb. Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali Baş Komandan İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bir daha onu göstərir ki, Azərbaycan liderinin hədəfləri daha böyükdür.
Xalq sevgisinə və inamına söykənən siyasi liderin ən böyük uğurları qazanacağı şübhəsizdir.
Rəşad MAHMUDOV,
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini ,YAP İdarə Heyətinin üzvü

media-ads728x90

Bənzər xəbərlər