Azərbaycan müttəfiqlik münasibətlərini dürüstlük və qarşılıqlı hörmət üzərində qurub
Ötən il “Embraer-190” sərnişin təyyarəmizin Qroznı üzərində vurulması nəticəsində çoxsaylı vətəndaşımızın faciəvi şəkildə həyatını itirməsi təkzibolunmaz bir həqiqətdir. Bu, yalnız bir aviasiya qəzası deyil, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır.
Bu günlərdə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqladığı ilkin hesabatda əks olunan dəlillər və faktlar da göstərib ki, Azərbaycan təyyarəsi, Rusiya səmasında, Qroznı üzərində vurulub. Hadisənin qəsdən törədilib-törədilmədiyi ilk mərhələdə sual doğursa da, Moskvanın həqiqətləri ört-basdır etməyə çalışması, ictimaiyyəti yalan informasiyalarla çaşdırması və məsuliyyətdən yayınmağa cəhd göstərməsi artıq kifayətdir.
Azərbaycan, beynəlxalq hüququn prinsiplərinə sadiq, suveren və ədaləti rəhbər tutan bir dövlətdir. Ölkəmiz, müttəfiqlik münasibətlərini dürüstlük və qarşılıqlı hörmət üzərində qurub. Bunun əksinə olaraq, Rusiya nəinki açıq-aşkar törədilmiş bu faciəyə görə üzr istəmir, əksinə, təxribatçı ritorika və qarayaxma kampaniyaları ilə öz məsuliyyətini ört-basdır etməyə çalışır. Bu, nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbul edilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev bu faciə ilə bağlı prinsipial və barışmaz mövqe nümayiş etdirərək, qəzanın tam şəffaf araşdırılmasını tələb edir. Dövlət başçısının qətiyyəti, onun milli maraqları hər zaman, hər yerdə qorumaq əzmində olduğunu bir daha sübut edir.
Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki:”Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur.”
Azərbaycan öz suverenliyinə və xalqına qarşı yönələn hər cür hörmətsizliyə qarşı ən sərt və prinsipial mövqe nümayiş etdirir. Moskva nəhayət anlamalıdır ki, Cənubi Qafqazın ən güclü dövləti ilə, Avrasiyanın strateji aktoru ilə münasibətləri pozmaq, ona qarşı qərəzli təbliğat aparmaq yalnız və yalnız öz ziyanına işləyəcək.
Azərbaycan heç bir təzyiqə boyun əymədən öz haqqını tələb edəcək və heç bir yalançı bəhanə bu həqiqəti dəyişdirə bilməz. Ölkəmiz tarix boyu öz maraqlarını müdafiə edib və bundan sonra da edəcək. Azərbaycan xalqı və dövləti bu faciənin unutdurulmasına, üstünün ört-basdır edilməsinə imkan verməyəcək. Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan həqiqəti sonuna qədər müdafiə edəcək və beynəlxalq aləmdə öz haqqını qoruyacaq!
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı