Azərbaycan öz hüququnu tələb etməyə qadirdir
“Biz Rusiya tərəfinin istər AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə cavab vermək, istərsə də qeyri-qanuni fəaliyyət göstərən “Rus evi”nin qarşısının alınması ilə bağlı tələblərini yerinə yetirmək əvəzinə çox təəssüflər olsun ki, tamam başqa formada mövqe sərgilədiyinə şahidlik etməkdəyik. Rusiya tərəfinin belə bir mövqe sərgiləməsi isə nə 3 il öncə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sazişinin, nə də ölkələrimizin liderləri arasındakı münasibətlərin ruhuna uyğundur. Belə bir münasibətin sərgilənməsi Rusiyanın beynəlxalq aləm tərəfindən üzləşdiyi çox mürəkkəb bir vəziyyətdə milli maraqlarına vurulan ağır zərbədir”.
Bunu açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
“Velikorus” şovinizm ideyalarından əl çəkməyən Valuyev kimilər bununla da təmsil etdikləri ölkənin yürütdüyü siyasətin əsl mahiyyətini ortaya qoymuş olurlar. Bununla da özləri beynəlxalq aləmin onlara qarşı olan münasibətinə haqq qazandırırlar”.
Deputat onu da edib əlavə ki, Azərbaycana qarşı belə bir ifadələr işlətmək ömrünü boksa həsr edən, karyerası ərzində başından zərbələr alan bir şəxsin beyninin məhsulu ola bilməz. “Bunun kökünü Rusiyanın hakimiyyət orqanlarının daha yüksək pilləsində axtarmaq lazımdır. Bu həm də onu deməyə əsas verir ki, Rusiya hakimiyyətində mərkəzdənqaçma meyilləri güclənib. Nəticədə hətta hakimiyyətyönlü təbliğatçılar belə özlərində cürət tapıb ölkə rəhbərinə və onun yürütdüyü siyasətə meydan oxuyurlar. “Velikorus” düşüncəlilər anlamalıdır ki, Azərbaycanla bu cür ritorikalarla danışıb nə təzyiq etmək, nə də hansısa cinayət hərəkətini, qanunsuz əməli ört-basdır etmək qeyri-mümkündür. Azərbaycan öz hüququnu tələb etməyə qadirdir və bunu da sübut edəcək.
Rusiya beynəlxalq aləm, xüsusən də Qərb tərəfindən üzləşdiyi çox çətin durumda özünü daha da ciddi böhrana sürükləmək istəmirsə, o zaman səhvlərini etiraf etməli, “velkorus” şovinist meyillərdən əl çəkərək Azərbaycanla bərabərhüquqlu səviyyədə səmimi qonşuluq münasibətlərini qurmalıdır. Azərbaycan heç kimdən asılı deyil, hamı ilə əməkdaşlığa hazır olduğu kimi, Rusiya ilə bir qonşu kimi səmimi əməkdaşlığa hazırdır və bunu da əməlində sübut edib. “Velkiorus” şovinizmindən itirən tərəf hər zaman Rusiya olduğundan, bundan sonra da belə olacaq. Son olaraq onu da qeyd edim ki, Rusiya özünü doğrudan da sivil dünyanın bir parçası olduğunu hesab edirsə, o zaman atdığı imzalara da hörmət edib üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.