“Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən ciddi əlaqələr mövcuddur. Hələ 1991-ci ildən Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü bir ölkə Pakistandır. Ermənistan-Azərbaycan arasında gərginlik, münaqişə olduğuna görə bu günə qədər Pakistanın Ermənistanda, eyni zamanda, Ermənistanın da Pakistanda səfirliyi yoxdur. Biz hər bir tərəfdən beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyən dövlətlərik. Ulu öndər Heydər Əliyev 1996-cı ildə Pakistana rəsmi səfərdə oldu. O vaxt 9 sənəd imzalandı. Azərbaycanla Pakistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemində bir-birilərinə dəstəklərini bəyan ediblər”.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.

Deputat vurğulayıb ki, bu gün iqtisadi, siyasi, mədəni, hərbi və digər bütün sahələrdə Pakistanla əlaqələrimiz mövcuddur: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət nəticəsində Azərbaycana bir tərəfdaş dövlət də Pakistandır. Qeyd etmək istərdim ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir. Hərbi sahədə əməkdaşlığımız da uğurla davam edir. Tərəflər Azərbaycanla Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələsini daim müzakirə ediblər və bu istiqamətdə də ciddi addımlar atılır. Bura şəxsi heyət mübadiləsi, hərbi təlimlər, məlumat mübadiləsi, tərəflərin yeni sahələri müəyyən edə bilən inkişaf perspektivi və s. daxildir”.

A.Nağıyev diqqətə çatdırıb ki, ən mühüm müqavilələrimizdən biri hərbi hava qüvvələri istiqamətindədir: “Azərbaycan Hərbi Hava Qüvvələri ilə “Pakistan Aeronautical Complex” (PAC, Pakistan Aeronaviqasiya Kompleksi) arasında Pakistan tarixində ən böyük müqavilə imzalanıb. Bu, son modifikasiya olan təyyarələrin, super müasir təlim təyyarələri, döyüş təyyarələrin alınmasıdır”.

Deputatın sözlərinə görə, 44 günlük müharibədə də Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədi, eyni zamanda, mənəvi dəstək olaraq hər zaman Azərbaycanın yanında oldu: “Bir sözlə, bu proses daim davam edir. Bu gün Pakistanın Baş nazirinin də Azərbaycana gəlişi, həmçinin cənab Prezidentlə yüksək səviyyəli görüşləri də bir daha ondan xəbər verir ki, Pakistan Azərbaycanın ən mühüm, ən ciddi tərəfdaşlarından biridir”.


media-ads728x90

Bənzər xəbərlər