Xocalı qətliamı törədənlər hüquqi cəzalarını alacaqlar
“Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunub. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Azərbaycanın qədim tarixi məkanlarından olan Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi. Xocalı soyqırımı zamanı ümumilikdə 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər tamamilə yerlə-yeksan edildi. Ölkə Prezidenti cənab İlham Əliyev bu insanlıq əleyhinə cinayət əməli barədə demişdir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.” Azərbaycana öz faciəsini dünyanın diqqət mərkəzinə çıxara bilmək üçün uzun illər lazım oldu. Lakin bu gün artıq haqq-ədalət öz yerini tapmışdır. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.”
Bu fikirləri 26 fevral Xocalı soyqırımı günü ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Daha sonra deputat xüsusi olaraq vurğulayıb ki, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev olmuşdur: “İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Əslində Xocalı faciəsi kimi qətliamlar bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və əqdlər tərəfindən birmənalı olaraq pislənir, belə əməllərin yolverilməz olduğu açıq-aydın bildirilir. Lakin az öncə də qeyd etdiymiz kimi, müəyyən qüvvələrin səyləri nəticəsində ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir və əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və cinayətkarların layiqli cəzalandırılması istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının və xarici siyasətin bariz nəticəsidir. Digər tərəfdən isə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə apardığı Vətən müharibəsinin gedişində döyüş meydanında bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsinin qurbanlarının qisasını düşməndən aldı. Bununla da Azərbaycan ədaləti bərpa etmək üçün əslində heç bir xarici qüvvənin müdaxiləsinə ehtiyacı olmadığını bütün dünyaya nümayiş etdirdi” – deyə, Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.