Azərbaycanlı həkim 200 min dollar elmi mükafata layiq görülüb
Azərbaycanlı alim, Tibb elmləri namizədi Dr. Dayaq Şeyxkərimli xərçənglə bağlı araşdırmasına görə 200 min dollar qazanıb.
XALQ.AZ xəbər verir ki, Tibb elmləri namizədi Dayaq Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə “NRC HL Holmes” mükafatına layiq görülüb.
İki ildən bir verilən 200 000 ABŞ dolları məbləğindəki mükafat doktor Dayaq Şeyxkərimliyə iki il ərzində işlərini davam etdirməyə imkan verəcək. Dayaq Şeyxkərimli bu tədqiqatı Britaniya Kolumbiyası Universitetinin Biotibbi Mühəndislik Məktəbində (SBME) aparacaq.
O, 2024-cü ilin aprel ayından etibarən həmin məktəbdə doktorantura sonrası (“post-doc”) elmi işçi kimi SBME professoru və Sintetik Biologiya üzrə Kanada Tədqiqatları kafedrasının rəhbəri doktor Nozomu Yachinin laboratoriyasında çalışır.