Sülh müqaviləsinin bağlanmasını əngəlləyən maneələr aradan qaldırılmalıdır
Müharibələr və silahlı münaqişələrin tarixi əyani şəkildə nümayiş etdirir ki, post-münaqişə dövründə sülh müqavilələrinin bağlanması beynəlxalq təhlükəsizliyin bərqərar olunması üçün əsas hüquqi amildir.
İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürmüşdür. Ancaq belə bir irimiqyaslı beynəlxalq-hüquqi aktın imzalanması prosesi ciddi maneələrlə rastlaşmışdır. Məsələ burasındadır ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar həmçinin Ermənistan konstitusiyasının preambulasında da öz əksini tapıb. Bu cür beynəlxalq hüquqa zidd yanaşma aradan qaldırılmadan heç bir sülh müqaviləsinin bağlanması mümkün deyil.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, yalnız Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Məhz dövlətimizin əsaslı və birmənalı mövqeyi nəticəsidə Ermənistanın baş naziri etiraf etməyə məcbur olub ki, “əgər Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”. Xatırlamaq istərdim ki, bunu Nikol Paşinyan 1 fevral 2024-cü ildə ölkənin İctimai radiosuna müsahibəsində deyib.
Bir necə gün öncə Ermənistan rəhbərliyi müraciətlə çıxış edərək, ölkə konstitusiyasının dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib və qeyd edib ki, konstitusiyanın qəbul edilməsi ilə bağlı keçirilən referendumlar legitimlik baxımından cəmiyyət tərəfindən ciddi sual altına qoyulub. Yeni konstitusia referendumunun 2026-cı il parlament seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur.
Erməniztanın əsas qanununda Azərbaycan tərəfinin təkidlə tələb etdiyi dəyişikliklər baş verərsə, sülh müqaviləsinin bağlanmasına ən ciddi maneələrdən biri aradan qaldırılmış ola bilər. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, Ermənistanın “konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.
Azərbaycan tərəfinin israr etdiyi digər mühüm tələb ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu məsələnin konsensusla həll olunması prosedurunu nəzərə alaraq, Ermənistanın da buna razılığı olmalıdır. Ümumiyyətlə tarixə qovuşan münaqişənin həlli üçün yaradılan və otuz ilə yaxın bir müddətdə fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirən bir qurumun mövcudluğuna ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra heç bir ehtiyac yoxdur. Təəssüf ki, Ermənistan ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə müraciət etməkdən hələ də boyun qaçırır.
Azərbaycan tərəfinin beynəlxalq hüquqa və mövcüd geosiyasi reallıqlara əsaslanan mövqeyi birmənalı olaraq nümayiş etdirir ki, dövlətimiz Cənubi Qafqaz regionunda davamlı sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olunması üçün ardıcıl fəaliyyətini davam etdirir, və şübhəsiz ki, dövlətimizin səyləri öz müsbət nəticələrini yaxın zamanlarda verəcək.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü