‘Azercell’ yenə müştərilərinə problem yaradır

 

66

Müştəri “Azercell”in ödəmə kartını almağa peşman olub.

XALQ.AZ xəbər verir ki, Milli.Az-ın daimi oxuculardan biri yazır ki, ötən həftənin bazar günü mağazadan balansını artırmaq üçün kart alıb. Kartın boyalı hissəsini pozmaq istəyəndə həmin yer çox həssas olduğu üçün rəqəmlər də silinib. Oxucu deyir ki, belə hallar ilk dəfə deyil ki, baş verir. Əvvəllər bir neçə dəfə bu cür halla rastlaşıblar. Həmin vaxt şirkətin müştəri xidmətinə (Call Center) zəng vuraraq bar-kodu və ya başqa rəqəmi deyirdilər. Zənglərinə cavab verən operator həmin kartdakı məbləği telefonlarının balansına yükləyirdi. İndi isə müştəri xidmətlərindən bildiriblər ki, kartdakı məbləği balansa yükləmək üçün mütləq Azercell Express ofislərinə yaxınlaşmalıdır. Oxucu deyir ki, bir-iki manat pula görə Azercell Express ofisi axtarmayıb və yeni kart alıb yükləyib.

Məsələ ilə bağlı Azercell şirkəti ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətinin əməkdaşı Xatirə Tağıyeva Milli.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, müştərinin rastlaşdığı problem şirkətin daxili qaydaları ilə əlaqədardır.

“Daxili qaydalara görə, ödəmə kartları telefon vasitəsi ilə yüklənmir. Abonent şəxsən həmin kartla və şəxsiyyət vəsiqəsi ilə Azercell müştəri xidmətləri ofisinə müraciət etməlidir və ya yaxınlıqda yerləşən diler dükanına yaxınlaşıb həmin kartı yükləyə bilər”, – o qeyd edib.

 

25