“Bakı 2015”ə hazırlıqla bağlı tədbir keçirildi

 

20

 

“Fairmont Baku” otelində 2015-ci ildə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıqla bağlı mətbuat konfransı keçirildi. Tədbirdə Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Bakıda möhtəşəm komanda olduğunu və ölkəmizdə yaradılan idman infrastrukturunun yarışa hazırlığından razılığını bildirdi: “Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunub. “Bakı-2015″ Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) şöbə müdirləri həyata keçirdikləri işlərlə bağlı təqdimatlarla çıxış etdilər. Kommersiya və kommunikasiya sahəsində imzalanan sponsorluq müqavilələrini yüksək qiymətləndirirəm”.

Tədbirdə cıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirdi. Nazir qeyd etdi ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilib. İclas çərçivəsində cari məsələlər müzakirə olunub və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb. Doqquz idman növü 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Birinci Avropa Oyunlarında iki idman növü – sualtı üzgüçülük və küçə atletikası üzrə nümunəvi çıxışlar təşkil olunacaq.
AOK-un vitse-prezidenti Canez Koçijanciç isə çıxışında deyib: “Bu, bizim Bakı şəhərinə 4-cü səfərimizdir. Planlaşdırmada artıq əməli tədbirlərə keçid yüksək səviyyədə keçirilir. Bu bizdə xoş duyğular yaratdı. 4 ay sonra – 2015-ci ildə Bakı “2015 Avropa  Oyunları” ilə bağlı artıq sponsorlar üzrə bir neçə imzalar imzalanıb və bir çox şirkətlər öz yerlərini alıblar. Avropa atletlərinin məhsuldar yer alması üçün çox böyük işlər görülüb. Son 2 gün ərzində biz effektiv hazırlıqların həyata keçirilməsini gördük. Olimpiya oyunlarında qitənin ən gözəl atletləri çıxış edəcəklər. Avropa Oyunları üçün hazırlıq işləri yüksək səviyyədə  aparılır. Könüllülərin cəlb olunması məsələsində Əməliyyat Komitəsi Azərbaycanda Avropa Oyunları üçün çox yüksək səviyyədə bu ənənəni davam etdirsin”.
BAOƏK-nın əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Simon Avropa Oyunlarının açılış mərasiminə 281 gün qaldığını vurğuladı: “Bu qısa vaxt ərzində hələ görüləsi  böyük həcmdə işimiz var və bu işləri də yerinə yetirməyə niyyətliyik. Təbii ki, beynəlxalq mütəxəssislərlə yanaşı, Azərbaycanın yerli peşəkarları da iştirak edirlər və bu, beynəlxalq icma təşkil edir. Təbii ki, könüllülərin də burada iştirakı olduqca vacibdir. Beynəlxalq  mütəxəssislərin sayını oyunlar başlayana qədər 25%-ə qədər azaltmaq niyyətindəyik. Böyük hissənin iştirak edəcəyi tərəf də məhz azərbaycanlı peşəkarlar olacaqdı”. O, həmçinin  Sambonun Avropa Oyunlarının proqramına salınan sonuncu idman növü olduğunu və Qafqaz regionunda çox populyar olduğunu vurğuladı.
Daha sonra nazir jurnalistlərin suallarını cavablandırdı:
– Növbəti aylar ərzində hansı vəzifələr qarşıya qoyulub? Oyunların büdcəsi və bilavasitə yarışların təşkilinə çəkilən xərclər, infrastuktura qoyulan xərclərlə bağlı nə deyə bilərsiniz?
– Hal-hazırda qarşımıza Bakıda aparılan tikinti işlərini yekunlaşdırmaq vəzifəsi qoyulub. Bütün tikintilər cədvələ əsasən gedir və  gecikmələr yoxdur. Tikilməkdə olan obyektləri və qurğuları  ancaq yekunlaşdırmaq deyil, həmin obyektlərdə də  yoxlama test tədbirləri keçirmək əsas vəzifədir. Oyunlar zamanı idman infrastrukturunun ətrafında müvəqqəti tikililər fəaliyyət göstərəcək. Burada təhlükəsizlik avadanlığı və yayım şirkətləri üçün texnika yerləşdiriləcək.
Biz hal-hazırda onun üzərində işləyirik.  Həm də keçidlər, təhlükəsizlik avadanlıqları, yayım şirkəti üçün şəkillər hazırlanmalıdır. Könüllülərlə iş hal-hazırda aparılır. Nəqliyyatdan tutmuş, yayım, media, kommunikasiya ilə bağlı hər bir sahə bizim üçün vacibdir. Çalışırıq ki, prioritet sahələri üstün tutmayaq. Bütün sahələr üzrə işlər aparılsın. Fevralın 1-nə kimi bütün tikintilər qurtarmalıdır”.
Nazir oyunların büdcəsi ilə bağlı sualı belə cavablandırdı: “Bu bir neçə mərhələdən ibarətdir. Birincisi, şəhərin infrastrukturasına aid olan büdcəsidir.  İkinci, idman tikinti və investisiya proqramının büdcəsidir. Üçüncüsü, Avropa Oyunları Əməliyyat Komitəsinin büdcəsidir. Bu 3 istiqamətdə investisiya proqramının büdcəsi Bakı Futbol Stadionu, Hovuz Kompleksi, Heydər Əliyev adına İdman və Konsert Kompleksində, Əl Oyunları Sarayında, Stend Atıcılığında aparılan işlər və təmir işləri də aiddir. Təxmini hesablanıb ki, Bakı Futbol Stadionunun qiyməti 500 milyondur. Su Hovuzu və Stend Atıcılığının hal-hazırda layihə smeta işləri Fövqəladə Hallar Nazirliyindədir. Təxmini Su Hovuz Kompleksi 100 milyondan artıq, Stend Atıcılığı 50-60 milyon  civarındadır.  Qiymətlər müəyyənləşdirilir. Heydər Əliyev adına Konsert Kompleksində fasadın dəyişilməsi 20-25 milyon,  20 milyon isə Bakı Oyunları Sarayı üçündür”.
Nazir  bildirdi ki, infrastrukturaya aid olan hissədə isə yollarin təmiri, nəqliyyat vasitələrinin alınması,  təhvil- təslimlə bağlı şəhərdə, müxtəlif yerlərdə kameraların qurulmasıdır ki,  bu da nazirliyin səlahiyyətinə aid deyil: “Hal-hazırda Bakı Avropa Oyunları  Əməliyyat Komitəsinin  büdcəsində təxminən  bu mərhələdə 70-80 milyon civarında aparılan işlərə bu günə qədər vəsait yönəldilib. Müvəqqəti qurulan qurğuların hesablanması aparılır. İlin axırına qədər bu büdcələr təsdiqlənəcək”.
– Turistlərin daha çox cəlb olunması üçün hansı reklam işləri görülür?
– Sözsüz  ki,  bu oyunların təbliğatı bizim üçün çox vacibdir. Keçən Koordinasiya Komitəsinin iclasında üzvlər tərəfindən irad vardı ki,  Avropada kifayət qədər təbliğat aparılmır. O vaxtdan böyük dəyişikliklər var. Kommunikasiya Departamenti hər həftə hesabat verir. Çox yüksək səviyyədə bu təbliğat aparılır. Bu da turistlərin sayını artıracaq.
– Ermənistandan olan atletlərin Avropa oyunlarında iştirakı nəzərdə tutulubmu?
– Bütün Avropa ölkələrinə dəvətnamələr göndərilib. Qarantiyalar verilib. Dəfələrlə  Ermənistandan olan boks, güləş üzrə idmançılar Azərbaycanda, azərbaycanlılar isə Ermənistanda oyunlarda istirak ediblər. İdmançılar üçün heç bir məhdudiyyət yoxdur.
– Sambo 20-ci idman növü kimi Avropa Oyunlarına düşdü. Bu o deməkdir ki, idmançıların və medalların  sayı da artacaq? 
 
– Sambo da daxil olmaqla 20 idman növü ilə yekunlaşır.  Bu idman növü Qafqazda  məşhur olduğu üçün, 30-dan çox ölkənin nümayəndə heyəti gələ biləcək.
– İdman növlərindən biri Tofiq Bəhrəmov adına stadionda keçiriləcək. Ot örtüyü ilə bağlı problem necə həll olunacaq?
– Stadionda bir idman növü nəzərdə tutulub. Bu da kamandan – oxatma. Ota heç bir aiddiyatı yoxdur.  Futbol oyunlarının keçirilməsi ilə bağlı problem ola bilər. Bu da “Eurovision” mahnı müsabiqəsi keçiriləndə ehtiyat  variant  saxlamışdıq ki, vaxtında “Kristal Palas” tikilməsə, burada keçirilə bilər. Ona görə bu futbol meydançasının  düz ortasında betondan böyük bir fundament tikilmişdi ki,  o səhnənin üstünü saxlasın. Ehtiyac olmadığı üçün, yenidən o sahə dolduruldu. Qum gətirildi. Hər dəfə idman yarışları keçirilib. İstilərə görə o ot saralmağa başladı. Çox cəhd etdik. Alınmadı. Qərar verildi ki, ot bütünlüklə dəyişdirilsin. 1 ay ərzində  onun əsas torpağı rulon şəklində gətiriləcək. İngilis şirkəti tərəfindən gətirilir və tam zəmanət verilir ki, problem olmayacaq. Orda istilətmə və suvarma sistemləri işləyir. Ona artıq xərc olmayacaq”.
Tədbirdə “Bakı-2015″ə hazırlıq ilə bağlı videoçarx nümayiş olundu. Qeyd edək ki, Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. İlk Oyunlarda 6 mindən artıq iştirakçı idmanın 20 növü üzrə qüvvəsini sınayacaq. Bunlar kamandan oxatma, su idman növləri (üzgüçülük, su polosu, suyatullanma), atletika, badminton, basketbol (3×3), boks, kanoe, velosiped (BMX, dağ velosipedi, şose), çimərlik futbolu, gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq, aerobika və akrobatika), cüdo, karate, atıcılıq (stend və güllə), stolüstü tennis, taekvondo, triatlon, voleybol (zal və çimərlik), güləş, qılıncoynatma və sambo növləridir.
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq.