Bakıda ana qaraciyərini qızına bağışladı

ciyer

İki uşaq anası olan Aynurə Məmmədova son zamanlar yaşlı, cavan demədən geniş yayılan infeksion xəstəlik, “Hepatit C”-yə yoluxub. Dediyinə görə hələ 2 il bundan əvvəl qaraciyərində baş verən qəfil ağrılar onun yolunu xəstəxanadan salıb. Müayinə ediləndə isə məlum olub ki təhlükəli virus onun qaraciyərini tamamilə sıradan çıxarıb. Xəstəyə əməliyyat üçün donor tapılmadığı təqdirdə yaşama şanslarının az olduğu deyilib. 30 yaşlı Aynurənin anası isə övladını yenidən həyata gətirib. Ana, qaraciyərinin bir hissəsini qızına bağışlayaraq onun həyatını xilas edib. Mərkəzi Neftçilər xəsətxanasında baş tutan əməliyyat ailəyə heç də ucuz başa gəlməyib.

Aynurə Məmmədovanın səhhətindəki problemlə bağlı Səhiyyə nazirliyindən də münasibət öyrəndik. Qurumdan bildirdilər ki, əgər ailəyə yardım olunacağına söz verilibsə, yerinə də yetiriləcək. Sadəcə bir qədər səbr etmək lazımdır.

Ümumiyyətlə bu gün ölkədə belə təhlükəli viruslardan əziyyət çəkən tək Aynurə Məmmədova deyil. Düzdür, hazırda hepatit virusu xəstələrinin sayını müəyyən edən xüsusi bir qurum yoxdur. Bəlkə də buna görədir ki, xəstələrin dəqiq sayı da ictimaiyyətə bəlli deyil. Amma ekspertlər belə bir qurumun yaradılmasını vacib hesab edirlər. Vacib olan həm də vaxtında bu xəstəliyin üzərinə düşməkdir.

Ölkədə azyaşlılara bu cür viruslardan qorunmaq üçün xüsusi peyvəndlər edilsə də böyüklər üçün belə vaksinlərin qiyməti heç də cibə münasib deyil. Elə buna görə də ekspertlər bu problemin həlli yolunu dövlət səviyyəsində həyata keçirilən tədbirlərdə görür. Qəhrəmanım Aynurə xanımın ailəsi isə artıq edə biləcəyini edib. İndi 2 uşaq anasının sadəcə bu xəstəlikdən tam qurtulması üçün bahalı iynə dərmanlara və onları əldə edə biləcək pula ehtiyacı var.